Bu il ölkəmizə səfər edən turistlərin sayı 50 faiz artacaq

Təkcə mart ayında Türkiyədən Azərbaycana 24 mindən çox turist gəlib

"Turizmin yenidən inkişafına təkan verən PSR testinin ləğv edilməsi oldu"
 
  Karantin qaydalarının yumşaldılması, qapalı məkanlarda maska tələbinin ləğvi, hesabla turizm sektorunu canlandırmalıdır. 2020-ci ilə nisbətən 2021-ci ildə ölkəyə gələn turistlərin sayında artım nəzərə çarpdı. Bunu şəhərin mərkəzi hissələrində, xüsusən İçərişəhər ərazisində, Nizami küçəsi, Fəvvarələr bağında dolaşan əcnəbilərin çoxluğu təsdiq edirdi. Amma yenə də karantin rejiminin mövcudluğu, COVİD pasportu tələbi turist axınının qarşısını kəsən amillər idi. Lakin şərtlər artıq dəyişdi. Karantin qaydalarında müsbət dəyişiklik, həmçinin ümumi yoluxma statistikasında nəzərəçarpan azalma, ölüm hallarınınsa demək olar sıfırlanması  əcnəbi qonaqlarımızın sayını artıra bilər. 

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “Şərq”ə açıqlamasında 2022-ci il hədəflərinin 2019-cu ilin göstəricilərini yenidən əldə etmək, hətta üstələmək olduğunu dedi: 

- Qapalı məkanlarda tibbi maskalardan istifadə zərurətinin aradan qalxması daxili məsələdir. Daxili auditoriyaya hesablanır. Turizmin yenidən inkişafına təkan verən PSR testinin ləğv edilməsi oldu. Məhz bu, turist axınına şərait yaradan amildir. Bizim proqnozumuz belə idi ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayı 50 faiz artacaq. Amma mövcud vəziyyət proqnozları artıq üstələyir. 2022-ci ilin təkcə I rübü ərzində ölkəmizə 246.277 nəfər əcnəbi turist səfər edib. Mart ayında səfər edənlərin sayı 95.844 nəfər oldu. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıqdır. Mart ayında Türkiyədən Azərbaycana 24 mindən çox turist gəlib. İlk beşlikdə ənənə demək olar pozulmayıb. Ölkəmizə səfər edən turistlərin sayına görə qardaş Türkiyə ilk sıradadır. Sonra Rusiya, İran, Gürcüstan və Ukrayna gəlir. İlk 15-liyə baxsaq, Pakistan, BƏƏ, Küveyt, Özbəkistan, Belarus... və sair ölkələrdir. Əlbəttə, bu göstəricilər 2019-cu illə müqayisədə aşağıdır. Turizm sektoru mövcud potensialın 40 faizini qaytara bilib. Səbəb məlumdur. Pandemiya hələ bitməyib. Bir sıra ölkələrdə yeni yoluxma faktları ortaya çıxır. Karantin qaydaları heç də bütün ölkələrdə aradan qalxmayıb, insanların səyahət marağı hələ tam dirçəlməyib; insanlar pandemiya şokundan yeni-yeni ayılır. Belə vəziyyətdə Azərbaycan ümumi turist sayının 40 faizini qaytara bilibsə, bunun özü uğurdur. Optimistik, daha böyük rəqəmlər əldə edəcəyimizə, daha çox əcnəbinin marağını cəlb edə biləcəyimizə inamımız böyükdür. Çünki Azərbaycanın bunun üçün hər cür imkanı, potensialı var. Bu sahədə müsbət tendensiya müşahidə edilir. Turizm sektoru bərpa olunur.  

K.Quluzadə qeyd etdi ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm potensialını əsaslı şəkildə artıran amildir: 

- İşğaldan azad edilmiş ərazilərə maraq çox böyükdür. Amma bilirsiniz ki, turizmin 3 ilkin şərti var: təhlükəsizlik, infrastrukturun bərpası və əhalinin qayıdışı. Bunların hər üçü vacib şərtlərdir və bir-birinə bağlıdır. Qarabağda aparılan quruculuq işlərini hamımız müşahidə edirik. Şuşada mehmanxanalar tikilir, Ağdamda otelin təməli qoyulub. Beynəlxalq aeroport fəaliyyətdədir artıq. Təhlükəsizlik məsələləri və əhalinin qayıdışı da tamamlandıqdan sonra Qarabağa əcnəbi turistlərin səfərləri təşkil ediləcək. Əcnəbi turistlər indidən Qarabağa can atır. Uyğun şərait bərpa olunduqda Qarabağ turist marşrutu ən sıx marşrutlardan biri olacaq. 

K.Quluzadə qeyd etdi ki, Dövlət Turizm Agentliyi tanıtım bazarını genişləndirir: 

- Geo-siyasi vəziyyət istənilən halda turist axınının tərkibinə də təsir edir. Bu vaxta qədər Rusiyadan, Ukraynadan gələnlər daha çox idisə, məlum hadisələr turist axınına da mənfi təsir göstərdi. Amma Azərbaycana gələn turist sayına görə Ukrayna yenə də ilk beşlikdə qərarlaşıb. Əsas məqsədimiz turizm bazarındakı dəyişiklikləri dəyərləndirməkdir. Bunun üçün də intensiv marketinq işi aparılmalıdır. Bura kompleks işlərin görülməsi, strategiyanın hazırlanması, turizm marşrutlarının təyini, turizm məhsulları və sair daxildir. Azərbaycanın turizm sənayesi daha çox turist qəbul etməyə hazırdır. Bunu nəzərə alaraq çalışırıq ki, əməkdaşlıq edəcəyimiz ölkələrin sırası genişlənsin. Avropa ölkələri, Uzaq Şərq, Yaponiya... hədəflərimiz sırasındadı. Hesab edirəm ki, yaxın 2 ildə 2019-cu ilin nəticələrini əldə edə biləcəyik. Bu il isə baxmayaraq ki, əcnəbi turist axını artıb və artacağı da gözlənilir, əsas lokomativ daxili turizm olacaq.