Qəpiyin qədrini bilirlər

Avtobuslardan istifadə edənlərin sayı artıb

Son vaxtlar vətəndaşlar daha rasional düşünməyə başlayıb

"Hiss olunur ki, sərnişindaşımada müsbət irəliləyişlər var. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deməyə əsas verir"

  Avtomobil nəqliyyatı ilə daşımaların həcmi artıb. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 624,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı, 13,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 540,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 faiz və 21,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. 

Sərnişin dövriyyəsi isə 22,4 faiz artıb. Bu göstəricilər ictimai nəqliyyatdan istifadənin artdığını da təsdiqləyir. Əhalinin ictimai nəqliyyata üstünlük verməsi təqdirolunası haldır. İllərdir, mütəxəssislər paytaxt əhalisinə ictimai nəqliyyatdan daha çox istifadə etməyi məsləhət görür. Müvafiq orqanlar da, xüsusilə beynəlxalq tədbirlər, yarışlar, həftə sonları, pik saatlarda ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirlər. Deyəsən, əhali “haqq yoluna” gəlir, yavaş-yavaş. İctimai nəqliyyatdan daha çox istifadə edilməsinə bu sahədə son zamanlar həyata keçirilən islahatlar, rahat sərnişin avtobuslarının xəttə daha çox buraxılması, bir sıra marşrutlar arasında intervalların azaldılması da səbəb ola bilərmi? 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında sərnişindaşımada avtomobil nəqliyyatının çəkisinin artmasının bir neçə səbəbi olduğunu dedi: 

- Əvvəla, bunu vurğulamalıyam ki, cənab Prezident İlham Əlieyin 2022-ci il 07 fevral tarixli “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi. Fərman, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır. Hiss olunur ki, sərnişindaşımada müsbət irəliləyişlər var. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deməyə əsas verir. Ölkədə həqiqətən də sırf avtobusla sərnişin daşımalarının sayı artıb. Təkcə mart ayında, Novruz bayramı günlərində avtobuslarla bölgələrə 50 min sərnişin daşınıb. Əlbəttə ki, burada dəmir yollarının bağlı olması  amili də var. Dəmir yolları gediş-gəliş mümkün olmadığı üçün əhali məhz avtobuslarla bölgələrə gedib-gəlir. Amma ictimai nəqliyyatdakı inkişafı, həmçinin taksi xidmətinin də normal fəaliyyətini vurğulamalıyıq. Taksi operator şirkətlərinin sayı çoxdur. Taksilərin də sayı çoxalıb. Bu sahədə şəffaf rəqabətlilik var. Sərnişinlərin seçim imkanı var. Hansı taksi xidməti qiymət baxımından sərf edirsə, vətəndaş onu seçir. Bu amillər avtomobil nəqliyyatı ilə daşınmaların həcmini artırır. Bakıda ictimai nəqliyyatın bir üstünlüyü də metronun olmasıdır. Avtobus da gecikir, taksi qiymətləri qaldırır, metro isə ən rahat nəqliyyat vəsitəsi olaraq qalır. Vətəndaşlar metrodan istifadəyə daha çox önəm verir.    

  E.Cəfərov qeyd etdi ki, əhalinin ictimai nəqliyyata daha çox önəm verməsinin bir səbəbi də tıxaclardır: 

- Tıxac meqa-şəhərlərə xasdır, bunu heç kim inkar edə bilməz. Xüsusilə pik saatlarda avtomobil nəqliyyatından, hətta taksilərdən istifadə müşkülə çevrilir. Birincisi, pik saatlarda taksi xidməti də bahalaşır. Yollarda, tıxacda vaxt itkisi, daha çox yanacaq sərfi əsas gətirilərək xidmət haqqı da yüksəlir. Digər tərəfdən vətəndaş tamamilə doğru olaraq hesab edir ki, avtobusla getsə də tıxaca düşür, taksi ilə getsə də. Belədə taksiyə 3-4 manat ödəməkdənsə, 30, 35-40 (şəhərkənarı avtobuslar) qəpik verib avtobusla gedər. Hətta tıxaclar metrostansiyalarından, məsələn, Xırdalan, Masazır, Günəşli istiqamətinə adambaşı 1 manata aparan taksilərin də bazarını öldürür. Bir halda ki taksi avtobusla eyni yolu, eyni vaxta gedir, avtobusa üstünlük vermək daha ağlabatandır. Ümumiyyətlə, son zamanlar vətəndaşlar daha rasional düşünməyə başlayıb. Hesab edirəm ki, şəxsi avtomobillərdən yalnız zəruri ehtiyac olduqda istifadə edilməsinə doğru gedirik. Nəhayət, əhali anlamalıdır ki, ictimai nəqliyyat daha sərfəli, daha güvənlidir. 

  E.Cəfərov payızda ictimai nəqliyyat sektorunda başqa müsbət dəyişikliklərin olacağını da qeyd etdi.