Türkiyənin dəniz ticarəti sahəsində böyük təcrübəsi var


Bu imkandan yararlanmaq faydalıdır, amma yerli mütəxəssislərin hazırlanmasına da diqqət yetirilməlidir

Türkiyənin "Albayrak Holding" şirkətlər qrupu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Bakıda liman terminallarının idarə edilməsinə dair imzalanmış saziş yükdaşımaların inkişafı və axınını sürətləndirəcək. Bu barədə Trend-ə özəl müsahibəsində "Albayrak Holding"in rəhbəri Mehmet Albayrak deyib. Onun sözlərinə görə, "Albayrak" əldə olunan razılaşma çərçivəsində onun icrasını sürətləndirmək üçün lazımi səyləri göstərəcək. "Biz Bakı limanının regionumuzdakı rolunu, eləcə də onun logistik imkanlarını artırmağı hədəfləyirik. Qvineya, Somali, Trabzon limanlarını idarə edirik. Peşəkar kadrlarımız var. Mütəxəssislərimizin Bakı limanına cəlb edilməsi Azərbaycanda ilk dövlət-özəl tərəfdaşlıq çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq. Biz əlimizdən gələni edəcəyik ki, qısa müddətdə Bakı limanı qovşağa çevrilsin", - deyə o bildirib. Bundan əlavə, Xəzər regionu ölkələrinin yüklərin daşınmasına olan tələbatını ödəmək üçün digər növ yüklərin daşınması üçün infrastrukturun genişləndirilməsi nəzərdə tutulur: "2-3 ildən sonra Bakı limanında bu yük axını xeyli artacaq. Gələcəkdə yeni müqavilələr imzalamağı səbirsizliklə gözləyirik". O, həmçinin qeyd edib ki, Bakı limanı ilə əməkdaşlıq Azərbaycanda iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsasdır: "Əminik ki, bizim sərmayələrimiz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, eləcə də yaxşı kənd təsərrüfatı potensialı olan digər rayonların bərpası üçün də faydalı olacaqdır".
İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirdi ki, qardaş Türkiyə dəniz ticarəti sahəsində böyük təcrübəyə malikdir: 
- Bu təcrübə əsrlərə dayanır. Hələ Osmanlı dövründə Anadolu dəniz ticarəti sahəsində xeyli inkişaf etmişdi, dünya ölkələri ilə yükdaşımalar həyata keçirilirdi.  Məlum məsələdir ki, Türkiyənin dəniz ticarəti sahəsində böyük təcrübəsi var və bu təcrübədən Azərbaycanda da istifadə edilərsə, əlbəttə, müsbət irəliləyişə nail olunacaq.  Amma bunu da deməliyəm ki, Azərbaycanın özünün də limanların idarəedilməsi, logistika sahəsində mütəxəssisləri var. Hər nə qədər olsa da, sovet dövründə Bakı limanları ilə yük də daşınıb, sərnişin də. Son dönəmlərə belə bir tendensiya yaranıb, xarici şirkətlərin ölkəyə cəlb edilməsi, bu, yaxşıdır. Elə sahələr var ki, qabaqcıl təcrübə öyrənilməli, mütəxəssislər cəlb edilməlidir. Amma daha yaxşı olar ki, yerli mütəxəssislərimiz hazırlansın. Azərbaycan öz mütəxəssislərini xarici ölkələrə təcrübə toplamağa göndərir, əməkdaşlığın sirlərini öyrənirlər. Bu cür yerli kardlardan istifadə edilməlidir. Kimsə Türkiyənin təcrübəsini dana bilməz. Lakin özümüz də mütəxəssis yetişdirməliyik.
Ə.Həsənov qeyd etdi ki, Bakı dəniz limanı – Azərbaycanın dəniz qovşağı həcmcə elə də böyük deyil. Buradan böyük gəlir əldə ediləcəyini söyləmək çətindir. Amma yenə də, inkişafa xidmət edəcək əməkdaşlıq alqışlanmalıdır: 
- Bakı limanı əsasən Xəzər regionu ölkələri ilə birbaşa  əməkdaşlıq edir, qarşılıqlı surətdə yükdaşımalar həyata keçirilir. Mümkündür ki, xarici şirkətlər sayəsində, məsələn, Qara dəniz regionu ilə də əməkdaşlıq genişlənsin.  Qara dənizə birbaşa çıxış olmasa da, ikinci dövlətlə əlaqələr vasitəsilə üçüncü dövlətlərin limanlarına çıxış imkanları əldə edilsin. Əlbəttə, bu, iqtisadiyyatımız üçün, logistika sahəsində inkişaf üçün önəmlidir.