Ai ilə Azərbaycan arasında memorandum! – “Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün uzaqda deyil"

Dünən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana rəsmi səfər edib. O Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.
Görüşdən dərhal sonra açıqlama verən avropalı rəsmi, müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulduğunu diqqətə çatdırıb. Memorandumda Aİ öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürüb.

Qeyd edək ki, Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.

İmzalanan sənədin əhəmiyyətini "Sherg.az"a dəyərləndirən millət vəkili Vüqar Bayramovun qənaətincə, memorandum tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət göstərəcək:

" Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir.
Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir. Azərbaycan "Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Beləliklə ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da çoxalacaq. Azərbaycan Aİ üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.
Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndirilməsinə imkan verəcək".

Deputatın fikirlərinə görə, Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir:

" Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib.

Aİ də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib. 

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür.  Azərbaycan da Cənubi Qafqazda Aİ-nin  əsas ticarət tərəfdaşıdır.  Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil".