Vüqar Bayramov: "Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha aktuallaşıb"
Rauf Qarayev: "Subsidiyaların verilməsində şəxsi maraqlara yer verilməməlidir"
Bu gün kənd təsərrüfatında istehsal olunan məhsulun həcminin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması yönündə bir sıra davamlı tədbirlər həyata keçirilir. Burada başlıca məqsədlərdən biri də ölkə əhalisinin keyfiyyətli ərzaqla təmin olunmasıdır. Kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər nəticəsində bu sahədə müəyyən irəliləyişlərə nail olunub. Gələn ildən isə buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar. Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmana əsasən gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, fermerlərin fəaliyyətinin stimullaşdırılması üçün çox vacib sənəddir. Sahəyə görə subsidiya xüsusi stimul yaratmırdı, amma məhsula görə pulun verilməsi fermerlərdə daha çox məhsul istehsalına həvəs yaradacaq:
“İlkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya tətbiq ediləcək.
Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək. Sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq. 2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Bu kontekstdən, məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı, güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”.
İqtisadçı-ekspert Rauf Qarayev isə “Şərq”ə açıqlamasında deyib ki, buğda yetişdirən fermerlərə istehsal etdiyi məhsulun həcminə görə subsidiyaların verilməsi rəqabət mühitinin formalaşdırılmasına hesablanıb. Yəni subsidiya almaq istəyən fermerlər daha yüksək məbləğ üçün istehsal etdikləri məhsulun həcmini artırmalıdır:
“Düşünürəm ki, 5 il müddətində məhsul subsidiyasının tətbiq olunması istənilən halda bazarda bir canlanma yaradacaq. Amma bu sənəd kiçik sahibkarlığın tənəzzülü ilə nəticələnə bilər. Subsidiyalar məhsulun həcminə görə verilir deyə kiçik sahibkarlar bir-biri ilə birləşib böyük sahibkarlığa çevriləcəklər. Bu isə arzuolunan deyil. Yaxşı olar ki, bölgü zamanı kiçik sahibkarla bağlı ayrıca bölgü aparılsın. Əks halda böyük sahibkarlarla rəqabətə tab gətirə bilməyən kiçik fermerlər bazardan çıxacaq”.
Ekspertin sözlərinə görə, fermerlərə subsidiyaların verilmə qaydası, onun xərclənməsinə, pulu alan adamın həqiqətən də taxıl istehsalı ilə məşğul olub-olmadığına nəzarət edilməlidir:
“Subsidiyaların verilməsi üzrə formalaşdırılan komissiyalara vətəndaş cəmiyyəti üzvlərinin, ekspertlərin cəlb edilməsi daha məqsədəuyğundur. Bir sıra hallarda əkin sahələrinin həcmi real mövcud olandan daha çox göstərilir, bəzi hallarda strateji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb olur.
Vətəndaş cəmiyyəti nümayəndələrinin komissiyalarının tərkibinə daxil edilməsi bu sahədə şəffaflığın güclənməsində yardım edə bilər. Tanışlıq, qohumluq əlaqələri, yaxud da” şapka” ilə subsidiya alan fermerlərin əksəriyyəti dövlətin verdiyi subsidiyalara gəlir mənbəyi kimi baxır, verilən pulu torpağa xərcləmirlər. Subsidiyaların verilməsində şəxsi maraqlara yer verilməməlidir. Prosesin şəffaf keçirilməsi üçün ictimai nəzarət mexanizminin formalaşdırılması mütləqdir.
Bu prosesə cəlb olunan ekspertlər də kənd təsərrüfatı sahəsi ilə əlaqəli olmalıdır. Yəni diqqət edilməlidir ki, onların yaxınında, ətrafında subsidiya alacaq şəxslər olmasın. Əks halda şəxsi maraqlar ön plana çəkiləcək”.