Rusiya-Ukrayna müharibəsindən də əvvəl alternativ qida məsələsi gündəmdə idi
Azərbaycanın üstünlüyü odur ki, dünyada qıtlığı gözlənilən məhsulları ixrac edən ölkələrlə münasibətlərimiz yaxşıdır
Birləşmiş Millətlər Təşkilatı bütün planetdə aclığın olacağını proqnozlaşdırır. BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bildirib ki, dünya ictimaiyyəti hazırkı ərzaq böhranına məhəl qoymasa, kütləvi aclıq, siyasi sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşmək riski var. "Biz artıq görünməmiş böhranla üz-üzəyik. Onunla strateji və effektiv şəkildə mübarizə aparmasaq, kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik".
Gələn il vəziyyətin indikindən xeyli pis olacağının elanını verən BMT-nin nümayəndəsi dünya birliyinin növbəti 6-12 ay ərzində ərzaq qiymətlərinin artması səbəbindən çətinlik çəkəcəyini də ehtimal edib. Bundan sonra problemi həll etmək mümkün olmasa, dünya ərzaq qıtlığı ilə üzləşə bilər.
Bizlinin sözlərinə görə, vəziyyət digər məsələlərlə yanaşı, Rusiya Federasiyası və Belarusdan dünya bazarlarına gübrələrin tədarükünə qoyulan məhdudiyyətlərə görə gərginləşib.
Qeyd edək ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha da prioritetləşib. Mövzu ilə əlaqəli rəy verən ekspertlər hesab edir ki, ölkələrin ərzaq təhlükəsizliyi məsələlərinin gündəm olması, qıtlıqla əlaqədar BMT-nin vaxtaşırı verdiyi açıqlamalar və ümumilikdə perspektivdə 70 milyona yaxın insanın aclıqdan əziyyət çəkməsilə bağlı verilən proqnozlar alternativ qida istehsalçılarını hərəkətə keçirib.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının “Şərq”ə açıqlamasına görə, iki ildən çoxdur dünyada aclıqla bağlı həyəcan təbili çalınır:
“Uzun müddətdir bizi gözləyən qlobal ərzaq böhranı ilə bağlı xəbərdarlıq xarakterli yazılar yazırıq. Yaxın illərdə süni qiymət artımı və qıtlıq qaçılmaz olacaq. Bu nə pandemiya, nə də Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli deyil. Qlobal ərzaq qıtlığı böyük güclər tərəfindən süni yaradılan bir prosesdir. Məhz Rusiya-Ukrayna müharibəsindən də əvvəl alternativ qida məsələsi gündəmdə idi. Dünya ərzaq böhranı ilə üz-üzə qaldığı vaxtda, digər tərəfdən də müharibənin baş verməsi ərzaq təhlükəsizliyi məsələsini daha da qabardıb.
Son vaxtlar böyük qida müəssisələrinin, anbarlarının qəsdən yandırılması da bu prosesin bir mərhələsidir. Haradasa 40-dan artıq böyük anbar yandırılıb. Hamısı ərzaq təhlükəsizliyinin ətrafında qurulan senarinin tərkib hissəsidir.
Təbii ki, iqlim dəyişikliyi və qlobal istiləşmənin müəyyən təsiri var”.
Azərbaycanın gözlənilən ərzaq böhranından maksimum az təsirlənməsi üçün atmalı olduğu addımlara gəldikdə isə ekspert deyib ki, bu təhlükədən ancaq ərzaq idxalından asılı olmayan ölkələr sığortalana bilər:
“Azərbaycan üçün qıtlıq təhlükəsi orta həddədir. Ərzaq təhlükəsizliyinin 50 faizi idxaldan asılıdır.
Üstünlüyümüz odur ki, dünyada qıtlığı gözlənilən məhsulları ixrac edən ölkələrlə münasibətlərimiz yaxşıdır. Rusiya, Qazaxıstan, Belarusiya, İran, Türkiyə kimi ölkələrdən çatışmayan məhsulları idxal etmək imkanlarımız genişdir. Meyvə-tərəvəzə olan tələbatımızı da yerli istehsalla ödəmək mümkündür. Emal-sənaye məhsulları ilə bağlı idxaldan asılılığımız çoxdur. Dəfələrlə yerli istehsalın artırılması ilə bağlı öz təkliflərimizi irəli sürdük. Sözün düzü, kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm qərarlar verilib, maliyyə yardımları da edilib. Amma Kənd Təsərrüfatı Nazirliyi aqrar siyasəti düzgün qura bilmədiyi üçün əsas istehlak malları üzrə ildən-ilə idxaldan asılılığımız artır. Söhbət ət –süd məhsulları, taxıl - paxlalı kimi konservləşdirilmiş məhsullardan gedir. Bunun da səbəbi yerli istehsala edilən süni əngəllər, bəzən də iqlim şəraitinin əlverişsiz olmasıdır. Azərbaycanda kənd təsərrüfatının inkişafına nail olmaq üçün aqrar sığorta sistemi, satış bazarları düzgün formalaşdırılmalı, məhsul xammal kimi satılmamalıdır. Onun emalı üçün lazımi avadanlıqlar alınmalı, suvarmada olan çətinliklər aradan qaldırılmalıdır.
Növbəli əkin sistemi tətbiq olunmalıdır. Hamı hər il eyni şey əkir. Bu zaman da torpaq qüvvədən düşür və məhsuldarlıq aşağı düşür. Sovet dövründəkinə oxşar planlı təsərrüfat yanaşması tətbiq olunmalıdır. Yəni hansı əsas məhsullar üzrə yerli istehsalımız azdırsa, nazirlik onun əkinini, istehsalını stimullaşdıra bilər. Yoxsa bir məhsul lazım olandan xeyi artıq əkilir, digəri xeyli az əkilir. Axı kəndli, hətta iri təsərrüfatlar belə bilmir ki, bu il ölkədə hansı məhsuldan çox əkilib, ya az əkilib”.
E.Bayramlının fikrincə, balanslı istehsal təşkil olunsa əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilərik:
“Düzdür, taxılla özümüzü təmin edə bilmirik, tələbatın təxminən yarısını xaricdən alırıq. Burada da problem yoxdur. Rusiya və Qazaxıstandan taxıl idxalı dayanmayacaq.
Amma buna da tam ümidli olmayıb yerli istehsal stimullaşdırılmalıdır. Çünki taxıl idxal etməklə böhrandan sığortalana bilərik, lakin bahalaşmadan yox. Heyvandarlıq üçün yemlərin də bahalaşması dolayı yolla digər ərzaq məhsullarının qiymətini artıracaq - quşçuluq və heyvandarlıq məhsullarının ilin sonuna qədər artması gözlənilir. Bu ilin sonuna qədər unun və çörəyin qiymətinin 2 dəfə bahalaşacağı ehtimalı yüksəkdir.
Ona görə də yerli taxıl istehsalını vaxtında artırmaq lazım idi. Qarabağda işğaldan azad olunan torpaqların əkilməsindən əldə olunacaq 150-200 min ton taxıl idxalın yalnız 10 faizini kompensasiya edə bilər. Lakin bu buğdanın çörək istehsalına yararlı olması da əsas şərtdir. Hazırkı vəziyyətdə hökumətin bir yolu qalır, o da subsidiyalar və dotasiyalar, gübrə təminatı ilə bağlı fermerlərə ciddi dəstək verilməlidir.
Aqrar sektorda işləyən sahibkarlara güzəştli və uzunmüddətli kreditlərin həcmi xeyli artırılmalıdır.
Bir sözlə, dünyanı gözləyən aclıq bəlasından sığortalanmaq üçün Azərbaycanın potensialı var. Sadəcə bu potensialı yaxşı dəyərləndirmək və bacarıqlı mütəxəssislərlə işləmək lazımdır”.