Əmək pensiyasının orta məbləği 590 manata çatacaq
"Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Heç də təsadüfi deyil ki, ənənəvi olaraq, bizim dövlət büdcəmizin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deyib. Komitə rəhbəri bildirib ki, dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan dərin sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib:
"Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli sərəncamı ilə 2025-ci il üçün 5-ci sosial islahatlar zərfi qəbul edilib, cari ildə minimum əməkhaqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz faiz artıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib. Ümumiyyətlə, 2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul olunub. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. Dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti sayəsində 2025-ci ildə də ölkəmizin iqtisadiyyatı güclənib, makroiqtisadi sabitlik təmin edilib, ölkəmiz sabitlik və inkişaf baxımından yeni uğurlara imza atıb".
Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək ki, bu da, cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3 faiz) çoxdur: "2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu, gələn ildə də davam edəcək. Fondun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizini və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır".