Sıravi deputat hər ay 7455 manat əmək haqqı alacaqlar


"Ötən həftə Prezident deputatın statusu haqqında qanuna dəyişikliyi təsdiqləyib.
Bununla da sıravi deputatların,  komitə sədri və parlament sədrinin əmək haqları xeyli artmış oldu.
Dəyişikliyə görə sıravi deputat üçün aylıq əmək haqqı 2485 manat, hər ay da əmək haqqının iki misli qədər əlavə ödəniş müəyyən olunub. Yəni, deputatın əmək haqqı hər ay üçün  7455 manat olacaq".

"Sherg,az" xəbər verir ki, bu barədə  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

O qeyd edib: 
"Yeni qanuna görə sıravi deputat sosial ödənişlər və vergilər çıxıldıqdan sonra, hər ayda  təxminən 6537 manat əmək haqqı alacaq.
Əvvəllər sıravi deputatın aldığı əmək haqqı 4052 manat olub.
Deputatların əmək haqqının artırılmasına yanaşmanın doğru olmadığı haqqında əvvəllər də yazmışdım.
Qısa olaraq bir daha qeyd etmək istərdim ki, bu tip yanaşma qüsurludur.

Yəni, peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm. Bu tip deputatlar isə olduqca az saydadır. Əksəriyyət deputatlar isə, bəziləri özləri də etiraf edirlər ki biznesləri var, oliqarx həyat tərzi sürənlər var, milyonlarla vəsaitləri haqqında məlumatlar paylaşılanlar da var, bir çoxları obyektlərindən hər ay yüz minlərlə icarə haqqı toplayırlar.  

Düşünürəm ki , bu tip deputatların əmək haqqına da eyni yanaşma sərgiləmək, onlara büdcədən əlavə vəsaitlər sərf emək doğru deyil və  qüsurlu yanaşmadır.