Eyyub Hüseynov:“Təəssüf edirəm. "Kolorit"də yaşanan durum acınacaqlıdır. Belə məkanlar boykot olunmalıdır"
Fuad İbrahimov: "Bəzi iaşə obyektlərində inhisarçılıq, müştərilərin cibindəki pulların öz ciblərinə transfer edilməsi istiqamətində "işbazlıq" edirlər”
Paytaxtdakı restoranların bəzilərində müştərilərdən əlavə ödəniş tələb edilir. Kafe və ya restoran menyusunda qiymətlərə baxıb yemək seçilir, yekun məbləğ gəldikdə isə hesablanılandan daha artıq çıxır. Üstəlik bu əvvəlcədən qonaqlara söylənilmir və axırda hesabı ödəyən müştəri “sürpirizlə” qarşılaşır. Məlum hadisə tanınan "Kolorit kafe" restoranının Xırdalan filialında da yaşanıb. Redaksiyamıza daxil olan məlumata görə, müştəri doğum gününü qeyd etmək üçün restorana təşrif buyurub. Lakin nə sifariş verməsindən asılı olmayaraq, apardığı torta görə ondan əlavə ödəniş haqqı istənilib. Şikayətçinin dediklərinə əsasən, avqustun 31-də restoranda 40 manatlıq yemək sifariş verməsinə rəğmən, hesab 10 manat artıq gəlib. Bu barədə müştəriyə əvvəlcədən məlumat da verilməyib. Vay o günə ki, müştərinin yanında artıq pulu olmaya...
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov iaşə obyektlərindəki əlavə ödəniş tələblərinə münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında diqqətə çatdırıb ki, müxtəlif səbəblərdən müştərilərdən əlavə ödəniş tələbi istehlakçı hüquqlarının pozulması deməkdir:
"Avstraliyada rus tanışımız özü ilə içki aparmışdı. Restoranda açıb içmək üçün 10 dollar pul tələb etdilər. "Kolorit" yeganə restorandır ki, AİB təklifi ilə orda monitor yerləşdirilib. İndi işləyib-işləmədiyindən məlumatsızam. Vaxtilə televiziya layihəsi çərçivəsində monitorinq aparmışdıq. Mətbəxin bərbad vəziyyətdə olduğunu müəyyənləşdirmişdik. Qısa müddətdə mətbəxi düzəltdilər. Təklifimizlə zala monitor qoydular. Zalda əyləşənlər mətbəxdə nə baş verdiyini izləyir. Bu əməllərini çox tərifləmişik. Təəssüf edirəm. "Kolorit"də yaşanan durum acınacaqlıdır. Belə məkanlar boykot olunmalıdır".
AİB sədrinin fikrincə, Azərbaycan hökuməti bizneslə məşğul olanlar üçün elə bir ərkəsöyün, toxulmaz obraz yaradıb. Onlar da bundan sui şəkildə yararlanır:
"Mən doğum günümü Türkiyədə restoranların birində keçirdim. Tam təmənnasız şəkildə restoran gözəl süfrə açmışdı. Yaxşı xidmətə görə, onlar istəməsə belə əlavə pul vermişdim. Lakin süfrənin dəyərindən 10 dəfə az idi. Müştərilərə xidmət üçün belə yollar seçilməlidir.
Dəfələrlə Nazirlər Kabinetinin restoran və kafelər üçün xüsusi qaydalar hazırlamaqlarını təklif etmişik. Bir ay öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində Standartlaşma institu "müştəri məmnuniyyəti" standartı qəbul edib. "Yorğan altı" standartdır, hələ də mənə göndərilməyib. AİB istəkləri də öz əksini tapmalı idi. Əgər həmin standart mükəmməl olarsa, bu kimi iaşə obyektlərinin fəaliyyətində məhdudiyyət qoya bilərik.
Bir istehlakçı demişdi ki, ailəsi ilə birgə yemək yeyib. "Muzey restoranında əyləşmisiz" deyib ondan 18 faiz əlavə haqq istəyiblər. Və yaxud xarici qonaqlarla restoranların birində çay içdim, üç dəfə çox hesab aldılar. Çayxanadan çıxıb 20 metr uzaqlaşmışdım ki, arxamca qaçıb pul istədilər. Vermək məcburiyyətində qaldım.
Anormal hallar yaşanır. Mütləq və mütləq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iş görməlidir".
İqtisadçı ekspert Fuad İbrahimov kafe və restoranlarda qiymətlərin astronomik həddə olması barədə fikir bildirib. Onun sözlərinə görə, iqtisadi cəhətdən aparıcı ölkələr epidemiya ilə mübarizədə humanitar və fiskal siyasətdən istifadə etmişdi. Nəticədə dünyanı inflyasiya dalğası bürüdü:
"İqtisadi cəhətdən aparıcı ölkələr epidemiya ilə mübarizədə humanitar və fiskal siyasətdən istifadə etmişdi. Nəticədə dünyanı inflyasiya dalğası bürüdü. Kommunal xərclərdə, yanacaqda, daşınmalarda qiymətlər qalxdı. Bu da istənilən xidmətin dəyərinin bahalaşmasına fundament yaradır.
Uzun müddətdir ki, pandemiya dövründə daşınmaz əmlak sahibləri də müəyyən çətinliklərlə üzləşmişdi. Boşluqları aradan qaldırmaqdan ötrü daşınmaz əmlakın qiyməti yüksəldi.
Şəhərin mərkəzində icarəyə götürülən iaşə obyektləri həmin xərcləri aradan qaldırmaq üçün xidmətləri bahalaşdırır. Qiymətin stabilləşməsi ötrü yeganə yol sağlam rəqabətdir. Küçədə bir neçə obyekt eyni qəbildən fəaliyyət göstərsə, şəffaf rəqabət qiymətlərin ucuzlaşmasına imkan verəcək".
İqtisadçının qənaətincə, qiymətlər qalxdıqca keyfiyyət aşağı düşür. Bir çox iaşə obyektlərindən şikayətlər də çoxdur. Ümumi vəziyyət isə ürəkaçan deyil:
"Şəhərin mərkəzində iaşə obyektlərində inhisarçılıq, müştərilərin cibindəki pulları öz ciblərinə transfer edilməsi istiqamətində "işbazlıq" edirlər.
Yəni "bir dəfəlik müştəridir, istifadə etmək lazımdır" baxışı gündəmə gəlir. Şəhərin müxtəlif yerlərində öz müştərilərinə hörmətlə yanaşma siyasəti də yürüdülür. Belə yanaşmalar üst-üstə gələndə faciəvi vəziyyət yaranır. Müvafiq dövlət orqanları tərəfindən nəzarətə götürülməsi bazar iqtisadiyyatı mühitində mümkün deyil. Xidməti göstərənlər sıradan insanlardır. Onlar dövlətə, məmurluğa birbaşa bağlılığı olmayan şəxslərdir. Azad bazar iqtisadiyyatında göstəriş vermək olmaz.
Sadəcə biznes mühitində sağlam rəqabət yaradılmalıdır. Onda daha ucuz və keyfiyyətli xidmət göstərməyə üstünlük verəcəklər".
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.