Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) saathesabı dərs deyən müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb. Bildirilib ki, UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqqıları artırılıb.
"Sherg.az" olaraq digər universitetlərdə saathesabı dərs deyən müəllimlərin maaşlarının yüksəldilmə ehtimalı ilə bağlı mətbuat xidmətləri ilə əlaqə saxladıq.
Sorğunu təqdim edirik:
Bakı Dövlət Universitetinin (BDU) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva qeyd edib ki, işçilərin sosial rifahının gücləndirilməsi BDU rəhbərliyinin daim diqqətindədir:
“Son iki ildə BDU-da saathesabı dərs deyən müəllimlərin əməkhaqları 2 dəfə qaldırılıb".
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, bu ilin yanvar ayında saathesabı dərs deyən müəllimlərin əməkhaqqlarında artım ilk olaraq ATU-da gerçəkləşib:
“Hazırda isə planlaşdırılmır".
Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq bunları vurğulayıb:
“Bu barədə müvafiq məlumat verilməyib".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov diqqətə çatdırırb ki, ADPU-da maaşlar cari ilin əvvəlində artırılıb:
“Hazırda yox, amma qarşıdakı zamanda yenə artım gözlənilir".