“Sahibkarlar məhsulu qeyri-mövsüm dövründə , xüsusən dekabr-yanvar aylarında bazara çəxarsalar, kifayət qədər əlavə gəlir əldə edə bilərlər”
Quba bağlarında kütləvi alma yığımına başlanılıb. Bağlarda daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrenni smit”, “Fuji” sortlarını daha çox becəriblər.
Bu il əksər təsərrüfat sahibləri yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə üstünlük veriblər. Bu il ötən ildən fərqli olaraq məhsuldarlıq da boldur.
Amma fermerləri narahat edən məqamlar da var. Fermerlər alıcı azlığından və məhsula təklif olunan qiymətin aşağı olmasından narazıdırlar. Hazırda soyuducu anbarlarda da məhsul ötən illə müqayisədə aşağı qiymətə satılır. Amma satışla məşğul olan sahibkarlar almanın qiymətinin bir müddətdən sonra qalxacağını istisna etmirlər.
Qeyd edək ki, Qubada 14 min hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Hər il bu bağlardan 120-130 min ton məhsul toplanır. Bu il isə 140-150 min ton məhsul gözlənilir. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.
Mövsüm dövrlərində qiymətlərin ucuzlaşdığını deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, məhsul istehsalı xərcləri artdığı üçün fermerlər haqlı narahatlıq keçirirlər:
“Məhsul istehsal xərclərinin artması fermerlərin mənfəət normasını aşağı salır. Lakin burda əhalinin alıcılıq gücü məsələsi də nəzərə alınmalıdır.Bu güc daha baha satışları dəstəkləmir. Digər tərəfdən bazardakı təklif bolluğu qiymətlər üzərindəki təzyiqi artırır.
Təbii ki, növbəti aylarda qiymətlərin artması mümkündür. Ümümiyyətlə, isə sahibkarlıq subyektlərinə məhsulun yığılıb saxlanmasında planla hərəkət etməkləri tövsiyyə olunur.
Onlar məhsulu qeyri-mövsüm dövründə , xüsusən dekabr-yanvar aylarında bazara çəxarsalar, kifayət qədər əlavə gəlir əldə edə bilərlər.
Amma bu tədbirlərin həyata keçirilməsi də sahibkarın maddi gücündən aslıdır. Bu məsələdə hökumətin fermerləri dəstəkləməsi mümkündür.
Saxlanma xərclərini qismən kompensasiyası və yaxud da bu istiqamətdə əlverişli kreditə çıxışın təmin edilməsi yolu ilə onlara kömək oluna bilər. Düşünürəm ki, indiki halda bu vacib məsələdir və dövlətin diqqətində saxlanılmalıdır”.