Regionlarda iş yerləri yoxdur

Fuad İbrahimov: “Bu problemin aradan qaldırılması üçün rayonlarda sahibkarlığın inkişafına vaxtında başlanılmalı idi"

“Bunun üçün də sağlam rəqabət mühiti yaradılmalıdır”

"Regionlarda sahibkarlığın inkişafına vaxtında başlanılmalı idi".
Bu sözləri "Sherg.az"a iqtisadçı –ekspert Fuad İbrahimov deyib. 
Onun sözlərinə görə, indiki dövrdə qurmaq, yaratmaq çətin, amma mümkündür:

"Çünki maliyyə dayanıqlığı, dövlət quruculuğu, qayda-qanunlar var. Sadəcə bu mexanizmi hərəkətə gətirmək lazımdır. Hazırda statistik məlumatlara görə, iş yerləri əsasən, mövsümü cəhətdən mövcuddur. Bundan başqa, dövlət qurumlarında işləyən məmur sinfinə aid dayanıqlı iş yerləri var. İndi tam şəkildə yaradılan, lakin daha sonra işini dayandıran sahibkarlıq fəaliyyəti daha çoxdur. Hazırkı zamanda orta və kiçik sahibkarlığın ayaqda qalması üçün sağlam rəqabət mühiti lazımdır.

 Bildiyimiz kimi, əsasən də, kənd təsərrüfatı sektorunda məmur sinfinin iştirakı kiçik sahibkarların yaranaraq, dayanıqlı şəkildə fəaliyyət göstərməsinin mümkünlüyünü tamamilə sıfıra endirir. 

Qısa zaman kəsiyində müflisləşmə prosesi baş verir. Ona görə də sağlam rəqabət mühiti yaranmalıdır. Sonra sahibkarlıq onsuz da inkişaf edəcək. Onlara yardım etməyə ehtiyac da yoxdur. Əgər müdaxilə olunmasa, mühitin yaranmasına maneələr törədilməsə, əlbəttə ki, regionlarda sahibkarlıq fəaliyyəti dirçələcək. Dayanıqlı sahibkarlıq fəaliyyəti olduqdan sonra regionlara axın baş verəcək".

Qeyd edək ki, deputat Vahid Əhmədov Azərbaycanın regionlarında iş yerləri yaradılması, vəziyyətin gərgin olacağını bildirib.