Deputat real danışdı:“Manatın məzənnəsində dəyişiklik...”

"Qiymət artımı ölkələrin hamısında müşahidə olunur". 
Bu sözləri "Sherg.az"a millət vəkili, iqtisadçı Rüfət Quliyev dünyada və Azərbaycanda müşahidə olunan  bahalaşmaya münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, hətta ən inkişaf etmiş dövlətlərdə belə qiymətlər qalxıb:

"Bunların da kökü ilk olaraq, pandemiya dövrünə gedib çıxır. Həmin vaxtlarda aparıcı ölkələr əhalinin problemlərinin həlli üçün külli-miqdarda vəsait payladılar. Ölkələr iqtisadiyyatını düzgün qura bilmədiyinə görə inflyasiyanın səviyyəsi sürətlə qalxdı. Ukraynada gedən müharibədən əvvəl artıq aparıcı bazar iqtisadiyyatı olan dövlətlərdə 7-8 faiz inflyasiya müşahidə edilirdi. İstər Amerika, istərsə də Avropa İttifaqı üçün 1.5 faizdən yuxarı olan inflyasiya artıq problem yaradır. 

2.5-4 faizi keçdikdə isə artıq sosial narahatlığa səbəb olur. Hazırda dünyada 12 faizdən yuxarı inflyasiya müşahidə olunur. Azərbaycanda pulun dəyərdən düşməsi problemlərinin kökü idxal olunan mallardadır. Təbii ki, bunların hamısı da qiymətlərə təsir göstərir”. 

Millət vəkili diqqətə çatdırıb ki, pandemiya vaxtı dünya nəqliyyat sistemi əməlli-başlı çökdü:

“70-75 faiz nəqliyyat və logistika sistemi böhrana düşdü. Təbii ki, pandemiyadan sonra artıq nəqliyyat xərcləri artmağa başladı. Postpandemiyadan sonra, ələlxüsus da müharibənin nəticəsində  nəqliyyat xərclərinin 70 faizə qədər artdığına şahidlik edirik. 

Ona görə ki, bazarda qalan işlək nəhəng nəqliyyat şirkətləri azdır. Orta və xırda nəqliyyat şirkətləri isə COVİD-19-un tüğyan etdiyi zamanda müflis oldu. İqtisadiyyatları süni "komaya" salındı. 

Təbii ki, bu gün də həmin dövrün nəticələrini görürük. Hazırkı şəraitdə dünyada qiymətlərin kifayət qədərdən də artıq bahalaşmasını müşahidə edirik”. 

Azərbaycandakı qiymət artımına gəlincə millət vəkili vurğulayıb ki, hökumət antiinflyasiya ilə əlaqədar bir çox tədbirlər həyata keçirir:

“Amma bizim üçün ən vacib məsələ daxili istehsalı sürətlə artırmaqdır. Pandemiyadan sonrakı vəziyyətə, iqtisadi sahəyə dəyən zərbələrə baxmayaraq, bir çox makroiqtisadi göstəricilərimizi stabil saxladıq. Valyuta məzənnəsində dəyişiklik olsa, bu, kifayət qədər inflyasiyaya təsir edəcək. İqtisadiyyatın özünə də çox böyük zərbə vuracaq. Yerli istehsal, kənd təsərrüfatının sürətlə inkişafı, müəssisələri keyfiyyət və kəmiyyət baxımından artmalıdır. 

Bunun üçün də kifayət qədər səylər var. Əfsuslar olsun ki, belə məsələləri müəyyən qədər sürətlə həll edə bilmirik. Bu da istehlak bazarına öz təsirini göstərir".