Qərbin sanksiyaları bütün dövlətlərə xəbərdarlıqdır

Əgər Türkiyə Rusiyanın "Mir" ödəmə sistemindən imtina edirsə, Azərbaycan da ehtiyatlı davranmalıdır

  Rusiyaya qarşı sanksiyalar Azərbaycan və Rusiya arasında ödənişlər də daxil olmaqla, bir çox çətinliklərə səbəb olub.
Bu isə  Rusiya Federasiyasında yaşayan və işləyən azərbaycanlıların iqtisadi durumuna mənfi təsir edir. Eyni zamanda  iki ölkə arasında idxal-ixrac əməliyyatları, mal mübadiləsi prosesini də bir xeyli çətinləşdirir.
  Bu baxımdan mövcud problemi aradan qaldırmaq üçün bir qrup şəxslər tərəfindən zaman-zaman Azərbaycanda Rusiyanın "Mir" ödəniş sisteminin tətbiqi imkanları müzakirə predmetinə çevrilir.
 
  Hazırda "Mir" kartı doqquz ölkədə - BƏƏ,  Vyetnam, Özbəkistan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda fəaliyyət göstərir. Kartın köməyi ilə nəinki ödəniş etmək, həm də bankomatlardan nağd pul çıxarmaq olar.
  Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin  də Rusiyanın Azərbaycan, Çin və Misirlə “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar apardığını bildirmişdi.

  Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov  isə bir müddət əvvəl  deyib ki,  Rusiyanın milli ödəniş kartı olan "MİR" Azərbaycanda fəaliyyət göstərən bankların ekvayrinq şəbəkəsində qəbul edilmir. O, həmçinin  “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyətinin təmin edilməsi ilə əlaqədar işlər aparılmadığını da qeyd edib. 

  "Azərbaycanda Rusiyanın ödəmə  sistemi olan "Mir" kartları  niyə istifadə olunmur" sualına aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev "Şərq" ə açıqlamasında deyib ki,  sanksiyalar çərçivəsində Rusiyanın bank sistemi SWİT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir” sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Hazırda  Rusiya ilə aktiv ticarət əməliyyatları aparan postsovet ölkələrinin bir çoxlarında "Mir" kartlarından istifadə olunur. Bu kartlar ümumilikdə 158 bank tərəfindən istifadəyə yararlıdır. 
  Ekspertin sözlərinə görə, 31 mart 2015-ci il tarixində Rusiya öz müstəqil milli əməliyyat sistemini yaradıb. Bu sistem öncə Rusiyanın daxilində istifadə üçün nəzərdə tutulub: 

"Bu gün isə "Mir" kartı Belarusiya, Cənubi Koreya, Qırğızıstan, Tacikistan, Kazaxıstan, Ermənistan respublikalarında istifadə olunur. Göründüyü kimi bu sırada Azərbaycan yoxdur. Bu o deməkdir ki, "Mir" kartı ümumiyyətlə ölkədə istifadə olunmur.  Rusiya "Mir"kartlarının Azərbaycanda istifadəsi ilə bağlı təklif  versə belə bunun üçün əsaslı  səbəb olmalıdır. Bu səbəbi də dünya birliyinə başa salmaq lazımdır ki, ölkə bankları sanksiyalarla üzləşməsin. Fikir versəniz, bir-iki ölkəni çıxmaq şərti ilə "Mir" kartının istifadə olunduğu ölkələrin əksəriyyəti  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlarının üzvləridir".

  Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov  isə deyib ki, Azərbaycan bankları “Mir” ödəniş sistemindən istifadə etdiyi təqdirdə ciddi sanksiyalarla üzləşə bilərlər:

 “Düzdür, bu sistemdən istifadə edib-etmədiyimizə dair konkret məlumat mövcud deyil. Bir müddətdir ki, “Mir” ödəniş sisteminin kartları da sanksiyalarla üzləşib. Yəni ABŞ və Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmaq üçün işə saldığı “Mir” ödəniş sisteminin digər ölkələrdə fəaliyyətini  məhdudlaşdırmağa çalışır. Hətta bununla bağlı ABŞ Maliyyə Nazirliyinin saytında “Mir”lə əməkdaşlıq edən ölkələrə xəbərdarlıq da  yerləşdirilib. Bu xəbərdarlıqdan sonra  Qazaxıstan, Vyetnam, Özbəkistan, Türkiyə kimi ölkələr “Mir” ödəniş kartlarından istifadəni dayandırıb. Hamı da başa düşür ki, bu addım sanksiyalara görə atılıb. Əgər Türkiyə kimi qüdrətli dövlət bu məsələdən imtina etdisə, vəziyyətə diqqətli yanaşmaq lazımdır. Ona görə də düşünürəm, Azərbaycanda bu sistemdən istifadə ilə bağlı rəsmi bir addım atmağa ehtiyac yoxdur.  Əgər bizim banklar indiyədək bu sistemdən istifadə edirdilərsə, bundan sonra  etməyəcəklər”.