Son 50 ildə qızılın qiyməti ancaq artıb

Var-dövlətin uzun vədəli saxlanması üçün qızıl ən yaxşı aktiv hesab olunur

Əkrəm Həsənov: "Valyutalar daim inflyasiyaya uğrayır. Qızıl belə problem yaşamır. Problem yalnız qızılı harda saxlamaqdadır"

  Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,12 faiz azalaraq, 1 774,8 ABŞ dollarına bərabər olub. Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir. Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,08 faiz artaraq, 22,13 dollar təşkil edib. Bu, ilk baxışda adi qiymət dəyişikliyi kimi görünə bilər. Lakin qızıl həvəskarları və övlad toyuna hazırlaşanlar üçün heç də əhəmiyyətsiz sayılmaz. 

Ümumilikdə türk xalqlarının zinət əşyalarına marağı və həvəsi bəlli həqiqətdir. Hətta təlatümlərin yaşandığı dünyamızda adət-ənənələr, sarsılmaz hesab edilən ehkamlar dəyişsə də, biz azərbaycanlılar da, Türkiyədəki qan qardaşlarımız da heç nəyə məhəl qoymadan qızıllı-gümüşlü toy etməkdəyik. Gəlinin üzərində nə qədər çox zinət əşyası olsa, bir o qədər tərifəlayiq sayılır və təqdir edilir. Əslində, zinət əşyalarına maraq və onları sərvət kimi toplamaq istəyi şəxsin bu məsələlərə və ümumilikdə dünyaya, həyata baxışından asılıdır. Sərvət aşiqləri bütün zamanlarda, bütün ölkələrdə və bütün millətlərin nümayəndələri arasında olub, bu gün də var. Məsələ həm də bundadır: sərvəti necə, hansı şəkildə saxlamaq – qızılla, nağd pulla, yoxsa daşınmaz əmlak halında?
İqtisadçı Əkrəm Həsənovla bu məsələni müzakirə etdik. İqtisadçı sərfəli təkliflər verdi: 
- Qızıl, bütün zamanlarda ən yaxşı aktiv hesab olunub, bu gün də belədir. Siz internetdə axtarış verərək, son 50 ildə qızılın qiymətinin nə qədər artıb, nə qədər azaldığı barədə məlumat əldə bilərsiniz. Görəcəksiniz ki, qızılın qiyməti yalnız artıb. Həm də çox kəskin artıb. Müəyyən zamanlarda, özü də qısa zaman ərzində qızılın qiyməti çox cüzi düşür. Bu, hərdən-bir baş verir. Sonra yenidən qiymət artımı baş verir. Qızılın qiyməti demək olar, daim artır, ona görə ki, qızılın miqdarı məhduddur. Amma valyutalar, fərqi yoxdur, ABŞ dollar, avro, bütün valyutalar daim ucuzlaşır. Çünki pulun ümumi həcmi artır. Banklar mütəmadi əskinaslar istehsal edir. Valyutalar daim inflyasiyaya uğrayır. Qızıl belə problem yaşamır. Problem yalnız qızılı harda saxlamaqdadır. Adi insanlar qızıllarını evdə saxlayır. Adi insanın nə qədər qızılı olacaq ki?!. 2-3 üzük, boyunbağı, qolbağ və sair, bəzisində qızıl pullar. O da yenə məhdud sayda. Amma varlı adamlar sahib olduqları külli miqdarda qızılı harda saxlamaq problemi ilə üzləşirlər. Bankda saxlamaq olar, amma sabah, birisigün həmin bank bağlandı, o zaman nə edəcəklər? Bank onlara qızılı qaytarmayacaq. Bu problem xüsusilə hüquq sistemi normal işləməyən ölkələrdə yaşana bilir. Ona görə də dövri-qədimdən insanlar qızıllarını evdə, hardasa gizli bir yerdə saxlamağa üstünlük veriblər. Var-dövlətim gözümün qarşısında, “əlimin altında” olsun”, təfəkkürü ilə. Və sizə deyim ki, bu, ən doğru variantdır. 
İqtisadçı bildirdi ki, var-dövlətin uzun vədəli saxlanması üçün ikinci ən uyğun aktiv torpaq – daşınmaz əmlakdır. Lakin baxır harda: 
- Elə ölkələr var, yenə də deyirəm, hüquq sisteminin anormallığı səbəbindən insanların mülkləri əllərindən alına bilir. Varidata sahib şəxs bunu daşınmaz əmlaka, torpaq sahəsinə inteqrə edir. Amma bir gün onun torpağına, torpaq üzərindəki mülkünə də dövlət əl qoyur. Və şəxs onu heç cür geri qaytara bilmir. Təklif edərdim ki, müəyyən varidata sahib olanlar onu müxtəlif formalarda saxlasın. Yəni var-dövləti bölüşdürsün – bir hissəsini qızıl şəklində, həm də evdə, bir hissəsini daşınmaz əmlak formasında, bir hissəsini nağd pul şəklində.  
Ə.Həsənov görünməz pul – bitkoinin də ümidverici olmadığını dedi: 
- Bitkoin məhz görünməz olduğundan təhlükəlidir. Ona yatırım etməyi məsləhət görmürəm. Sabah deyə bilərlər ki, bitkoin vardı, amma artıq yoxdur. Görünməyən pula necə etibar etmək olar?!