Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərə yaşıl işıq yandırılır
"Növbəti ildən vergi ödəyiciləri şəhadətnamə-dublikat olmadan artıq banklarda hesab açması mümkün olacaq"
“Azərbaycanda gələn ildən aqrar sahədə fəaliyyət göstərən fiziki şəxslərin satışdankənar gəlirlərinin və onlara ödənilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur”. Bu məsələ Vergilər Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyi “Şərq”ə şərh edən iqtisadçı, vergi məsələləri üzrə ekspert Anar Bayramovun sözlərinə görə, layihə qüvvəyə minərsə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad olunacaq:
“Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif olunur”.
A.Bayramov deyib ki, növbəti ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin təşkilati hüquqi formasından, dövriyyəsindən, mükəlləfiyyətindən asılı olmayaraq dividend gəlirləri 1 il müddətinə vergidən azad ediləcək: “Bu da kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən növbəti bir stimullaşdırıcı bir imtiyazdır. Lakin burada bir məqam vardır ki, ola bilər ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxs eyni zamanda digər fəaliyyətlə də məşğul ola bilər ki, vergi ödəyicisinin həmin fəaliyyətdən də xalis mənfəəti formalaşa bilər və həmin xalis mənfəətdən dividend ödəyə bilər. Belə olan təqdirdə həmin dividendlərin də vergidən azad edilib-edilməməsi layihədə konkret olaraq açıq-aydın göstərilməyib. Düşünürəm ki, vergi ödəyicisi dividend ödəyərkən həmin dividendin hansı fəaliyyətə görə formalaşmasını müəyyən etməli və azadolmanı yalnız kənd təsərrüfatı fəaliyyətindən formalaşan xalis mənfəət hesabına ödədiyi dividendinə tətbiq etməlidir. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot kodu kommersiya sirri hesab edilməyəcək. Bu, əsasən vergi ödəyicisindən obyekt icarəyə götürən şəxslərin həmin obyektləri uçota qoyduqları zaman icarəyə götürülmüş obyektin icarəyə verəndə hansı kodla uçota alınması barədə uçot kodunu daha operativ şəkildə əldə etməsi üçün nəzərdə tutulmuş dəyişiklikdir”.
Digər dəyişikliklərə toxunan ekspertin fikrincə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pul hesablaşmalarının nəzarət kassa aparatı vasitəsilə həyata keçirən şəxslərin vəzifəsi olduğu bildirilir. Bu siyahıda tibb müəssisələrinin pul hesablaşmaları nəzarət kassa aparatı vasitəsilə həyata keçirmək vəzifəsi müəyyən edilsə də hüquqi şəxs yaratmadan fiziki şəxs kimi tibbi fəaliyyətlə məşğul olan, məsələn, əhaliyə stomotoloji xidmət göstərən stomotoloqların pul hesablaşmalarını nəzarət kassa aparatı vasitəsilə həyata keçirməsi vəzifəsi nəzərdə tutulmayıb. Çünki 16.1.8-ci maddədə ancaq "tibb müəssisələri" üçün bu vəzifə müəyyən edilib:
“Əgər qanun layihəsi qüvvəyə minərsə 2023-cü ildən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üçün pul hesablaşmalarını nəzarət kassa aparatı vasitəsilə həyata keçirəcəkdir. Əlavə məlumat üçün "Özəl tibbi fəaliyyət" haqqında qanuna əsasən "özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi; qanun layihəsində, "özəl tibbi praktika" - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir. Hazırda vergi ödəyicisinin bank hesabında borc məbləğinin 105 faizi məbləğində dondurulmuş sərəncamı olduqda və vergi ödəyicisi bunun ödənilməsi üçün banka ödəmə tapşırığı təqdim etdikdə hesabda sərəncam olduğu üçün banklar tərəfindən bu ödəniş icra edilmir. Lakin növbəti ildən bu məhdudiyyətin də aradan qaldırılması nəzərdə tutulur. Belə ki, vergi ödəyicisinin bank hesabında pul vəsaitlərinin məxaric əməliyyatları üzrə dondurulmuş sərəncam olarsa və vergi ödəyicisi bu sərəncamı könüllü surətdə icra etmək istərsə, o zaman banka ödəniş tapşırığı təqdim edəcək və bank bu ödəməni icra edəcək”.
İqtisadçının sözlərinə görə, növbəti ildən vergi ödəyiciləri şəhadətnamə-dublikat olmadan artıq banklarda hesab açması mümkün olacaq. Belə ki, vergi ödəyicisi banka yaxınlaşaraq bankın tələb etdiyi sənədləri təqdim etməklə bank hesabı açacaq:
“Sonra bank hesab açıldıqdan sonra 1(bir) iş günü müddətində vergi orqanına elektron qaydada məlumat ötürür. Əgər bu bank əməliyyatları aparan şəxs 1(bir) iş günü müddətində vergi orqanına məlumat ötürməzsə o zaman hər açılmış hesab üzrə 400 manat maliyyə sanksiyası tətbiq ediləcəkdir. Sonra vergi orqanı həmin real vaxt rejimində avtomatlaşdırılmış qaydada açılmış hesabı qeydiyyata alır və banka qeydiyyat bildirişi göndərir. Əgər vergi ödəyicisinin vergilər, sığorta, faizlər və maliyyə sanksiyası üzrə dövlət büdcəsinə borcu varsa o zaman vergi orqanı banka qeydiyyat bildirişi ilə yanaşı banka sərəncam da göndərir. Lakin bank vergi orqanında bildiriş gələnə kimi həmin hesabdan hər hansı bir məbləği məxaric əməliyyatı həyata keçirməyəcək. Əksi təqdirdə bank əməliyyatları aparan şəxsə aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir”.
A.Bayramov həmçinin qeyd edib ki, Vergi Məcəlləsinin 16.1.11-11.-ci maddəsinə əsasən müəyyən vergi ödəyiciləri gömrük nəzarətindən çıxdığı vaxtadək müəyyən olunmuş formada vergi orqanına məlumat verir: “Məlumat formasını doldurarkən vergi ödəyicisi qısa idxal bəyannaməsinin nömrəsini məlumat formasına yazılması nəzərdə tutur. Lakin bildiyimiz kimi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində malları rəsmiləşdirilən zaman qısa idxal gömrük bəyannaməsi tərtib edilmir. Belə olan təqdirdə məlumat formasını təqdim edərkən vergi ödəyicilərinin işində çətinliklər yaranırdı. 2023-cü ildən isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində malları rəsmiləşdirilən vergi ödəyiciləri üçün hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1(bir) iş günü müddətində vergi orqanına məlumat verilməsi qanun layihəsində nəzərdə tutulur. Habelə "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə edən və bir təsərrüfat subyekti olan şəxslər həmin məlumat formasını təqdim etməyəcəklər”.