Pensiya yaşının azaldılması təklif olunur


Natiq Cəfərli: "İllər əvvəl pensiya yaşının artırılması ilə bağlı verilən qərar yanlış idi"

Əhməd Qəşəmoğlu: "Get-gedə hər ölkədə yaşlı adamların sayı artır. Bu onunla bağlıdır ki, əhali artımı bütün ölkələr üzrə aşağıdır və uşaqlar az doğulur"

  Azərbaycanda pensiya yaşının azaldılması yenidən gündəmə gəlib.
Milli Məclisin ötən gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev pensiyalarla bağlı məsələ qaldırıb.
Hökumətin hara, nə qədər pul xərcləyəcəyini əvvəlcədən proqnozlaşdıra bilmədiyinə diqqət çəkən millət vəkili deyib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib: “Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Özəlləşdirmə sürətləndirilməlidir”.
  Deputat qeyd edib ki, 65 yaşa qədər olan kişilərin sayı 47 faizə çatır: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa, bu kişilər 2-3 il pensiya ala bilsinlər. Digər tərəfdən, Vergi Məcəlləsinə vergi güzəştləri ilə bağlı dəyişikliklərə baxıram, burada uşaq geyimləri, uşaq yeməkləri yoxdur. Elektromobildənsə biz bunlara vergi güzəştləri tətbiq etməliyik”.

  İqtisadçı-ekspert Natiq Cəfərli də Azərbaycanda pensiya yaşının azaldılmasının tərəfdarı olduğunu deyib. Aidiyyəti qurumlar pensiya yaşının artırılması ilə bağlı beynəlxalq təcrübənin əsas götürüldüyünü iddia edib, Avropadakı təqaüd yaşının artırılması ilə bağlı tendensiyanın Azərbaycanda da tətbiqinin vacibliyini önə çəkirlər. Ekspert isə hesab edir ki, Avropa ölkələrində əhalinin doğum sayı, qocalma səviyyəsi, orta yaşı nəzərə alınaraq təqaüd yaşı artırılır: 

“Azərbaycanda isə orta yaş səviyyəsi normaldır, yəni ölkəmizdə hələ ki demoqrafik problem yaşanmır. Bu baxımdan illər əvvəl pensiya yaşının artırılması ilə bağlı verilən qərar yanlış idi. Avropada təqaüd yaşının artırılması ciddi etirazlarla qarşılansa da, Azərbaycanda reaksiyalar fərqli oldu. Bu da yaşlı işçilərin pensiyaya çıxmaq istəməməsi ilə əlaqədardır. Azərbaycanda bir çox sahələrdə işləyənlər təqaüdə çıxmağı özləri istəmir. Bunun səbəbi təqaüd miqdarının aşağı olması, maaşın isə daha yüksək olması və işləyərkən əlavə fürsətlərin yaranmasıdır. Bu da ondan qaynaqlanır ki, bizdə muzdla çalışanların böyük əksəriyyəti dövlət sektorundadır. 
  Məsələn, müəllimlər təqaüdə çıxmaq istəmirlər. Çünki onların maaşları yüksəkdir, işlədikləri zaman əlavə olaraq uşaq hazırlayırlar, həm də müxtəlif bayramlarda hədiyyələr alırlar. Bütün bunlar Azərbaycanda başqa cür tipik xüsusiyyətlər yaradır. Digər ölkələrdə insanlar təqaüdə çıxmaq uğrunda etiraz edirsə, Azərbaycanda əhalinin böyük bir qismi təqaüdə çıxmaqda maraqlı deyil. Bunu da nəzərə almaq lazımdır. Ancaq ümumilikdə götürdükdə pensiyaların əvvəlki yaş səviyyəsinə qaytarılması doğru qərar olardı”.

  Professor, sosioloq Əhməd Qəşəmoğlu isə “Şərq”ə açıqlamasında digər ölkələrlə müqayisədə Azərbaycanda pensiya yaşının yuxarı olduğunu deyib:

 “Get-gedə hər ölkədə yaşlı adamların sayı artır. Bu onunla bağlıdır ki, əhali artımı bütün ölkələr üzrə aşağıdır və uşaqlar az doğulur. Nəticədə ölkədə işləyən gənclərin sayı azalır. Deməli, vergi ödəyicilərinin də sayı az olur. O biri tərəfdən istehsalat sahələri, zavodlar, fabriklər, yəni əhalinin işləyib qazanc əldə edə biləcəyi, həmin qazancdan vergi verə biləcəyi yerlər azalır.
  Bütün bunlar dövlət büdcəsinə mənfi təsir göstərir. Ölkədə gənc əhali və iş yerləri çox olduqca dövlətin pensiya ödəmək imkanları da çoxalır. Əksinə olanda – iş yerləri azalanda, o biri tərəfdən əhalinin sayı da az olanda vergi ödəyiciləri az olur və dövlət iqtisadi amilin təsiri altında pensiya yaşını qaldırmaq məcburiyyətində qalır. Bunun qarşısını almaq artıq heç kəsin iradəsi çərçivəsində deyil, bu, ölkədəki demoqrafik və iqtisadi vəziyyətə bağlı bir məsələdir. Ölkəmizdə işləmək yaşında olan kifayət qədər adam var. O insanları işlə təmin etmək üçün çoxlu istehsalat müəssisələri açmalı, yeni fəaliyyət sahələri yaratmalı, qeyri-neft sektorunu, kənd təsərrüfatını, xidmət sahələrini, eyni zamanda intellektual güc tələb edən sahələri xeyli inkişaf etdirməliyik”.