Yeni ilin gəlməsinə bir aydan bir az çox vaxt qalıb. Hər il olduğu kimi, bu il də bayramda çoxları ölkə daxilində və ya xaricində istirahət günləri planlaşdırırlar.
Xaricə gedənlər olsa da, quru yolları bağlı olduğu üçün ən çox ölkə ərazisində istirahətə üstünlük verilir.
Vətəndaşlarımız, əsasən, Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, Balakən rayonlarına üz tuturlar. Təbii ki, regionlarda fəaliyyət göstərən hotellər Yeni il bayramı ərəfəsi qiymətlərdə artım edirlər.
Oxu.Az-ın əməkdaşı regionlarda fəaliyyət göstərən bir neçə hotellə əlaqə saxlayıb. Sorğuya cavab olaraq bildirilib ki, bayramda iki gün üç dəfə qidalanma, qala gecə daxil, iki nəfərlik otaq qiyməti - 1190-1900 manat təşkil edir.
Bunu İndiki qiymətlə müqayisə etsək, Yeni il bayramında hotellərin qiymətində 5-10 dəfəlik artım olacaq.
Tələbat artdıqca qiymətin artığını deyən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a vurğulayıb ki, bunun qarşısını almaq üçünsə inzibati üsullardan istifadə mümkün deyil:
“Çünki bu sahədəki qiymətlər dövlət tərəfindən tənzimlənmir. Amma belə qiymət artımının baş verməməsi üçün rəqabətli mühit artmalıdır.Yəni daha çox otellərin və istirahət mərkəzlərinin yaranması üçün dövlət iş adamlarına dəstək verməlidir. Xatırlayıram ki, təxminən 10 ildir, hər yeni il ərəfəsində biz bunu müzakirə edirik. Ancaq çıxış yolu tapa bilmirik.
Ona görə ki buna dövlətin müdaxiləsi mümkün deyil. Düzünü desək, heç müdaxilə lazım da deyil. Əgər dövlət qiymətlərə müdaxilə etsə, gələcəkdə daha böyük problemlər yaranacaq. Özəl sektorda qiymətləri aşağı çəkən əsas amil rəqabətin artmasıdır. Nə qədər ki, ölkədə beş ulduzlu, 4 ulduzlu və yüksək xidmət göstərən otellərin sayı azdır, qiymət yüksəkməyə davam edəcək.
Digər tərəfdən quru sərhədlərinnin bağlı olması və təyyarə biletlərinin yüksək qiymətə satılması yeni ili ölkədə keçirəcək insanların sayının artmasına səbəb olur. Nəticə etibarı ilə bu da otel qiymətlərinin yüksəkməsinə səbəb olan amillərdən birinə çevrilir”.