Məktəb direktorlarının 58 faizinin əməkhaqqı artıb
Elm və təhsil naziri Emin Əmrullayev dünən media nümayəndələri üçün brifinq keçirib.
Nazir Elm və Təhsil Nazirliyinin nəzdində üç dövlət agentliyinin yaradılmasından danışıb: "Hazırda Elm və Təhsil Nazirliyinin nəzdində üç dövlət agentliyinin qurulması işləri davam edir".
Nazir bildirib ki, artıq bununla bağlı müvafiq sənəd hazırlanıb və demək olar ki, aidiyyəti qurumlarla razılaşdırılıb: "İnanırıq ki, ilin sonuna qədər işlər yekunlaşacaq və növbəti ildən yeni strukturla fəaliyyətə davam edəcəyik".
Nazir səs yazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişməsi məsələsinə aydınlıq gətirib.
45 nömrəli məktəbin direktorunun başqa məktəbə təyin edildiyini vurğulayan E.Əmrullayev bildirib ki, direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq: “Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, hadisə birbaşa onunla bağlı olmayıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət nazirliyin qərarını anlayışla qarşılayacaq".
Elm və təhsil naziri həmçinin məktəblərdəki tənəffüs vaxtlarının artırılması məsələsindən də danışıb: "Məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı təkliflər olsa, bu məsələyə baxıla bilər.
Onun sözlərinə görə, bu məsələni məktəb rəhbərliyi ilə valideynlər tənzimləyə bilər: "Əgər məktəb rəhbərliyi düşünürsə ki, bu məsələni tənzimləyə bilər, o zaman bununla bağlı məsələyə baxa bilərlər. Bu gün ölkədə məktəb saylarının çox olması birnövbəli əsasda həyata keçirilir".
Nazir deyib ki, növbəti həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq. Bu say 100-ə qədər artırılacaq.
Bağçalarda köhnə normativlərin dəyişdirilməsi üzərində iş gedir: "Qidalanma mütəxəssisləri ilə birgə ilkin standartlar hazırlanıb".
E.Əmrullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək. O artıq Suqovuşanda məktəbin hazır olduğunu bildirib: "Ağalıda tədris var. Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Aidiyyəti qurumlarla digər regionlarda onlarla kəndin məktəbinin layihələndirilmə işlərinə başlanılıb".
Nazir təhsil müəssisələrində istilik təminatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu deyib. O bildirib ki, 5 745 təhsil müəssisələrindən 508-i dizel yanacağı, 445-i elektrik enerjisi ilə, 2 334-ü odunla, yerdə qalan hissəsi isə qazla isidilir: "Müəyyən nasazlıq çıxa bilər və dərhal aradan qaldırılması istiqamətində addımlar atılır".
E.Əmrullayev deyib ki, məktəb direktorlarının 58 faizinin əməkhaqqında artım görünür. 2500-dək şagird sayı olan məktəblərin rəhbərlərinin aylıq maaşı 2500 manat təşkil edir. Onun sözlərinə görə, gələcək illərdə sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək