Bayramqabağı işbazlar qiymət “peşində”: “Süni bahalaşma yaradırlar”

“Bu vəziyyət istehlakçıların xərclərini çoxaldır”

“Prosesin qarşısını almaq üçün ilk növbədə sağlam rəqabət mühiti formalaşmalıdır”

Biləsuvar və Cəlilabad rayonlarında balıq bahalaşıb. “Report” un Muğan bürosunun əməkdaşı balıq satışının həyata keçirildiyi ərazilərdə olub, qiymətlərlə maraqlanıb. Müşahidələr zamanı məlum olub ki, balığın qiymətində 20-30 faizə yaxın artım var. Alıcılar da qiymətlərin baha olmasından şikayətləniblər.

Onların sözlərinə görə, əvvəllər çay balığının kiloqramı 8-10 manata satılırdı. Amma indi bu, alıcılara 11-12 manata təklif olunur. Sakinlər deyirlər ki, həmişə bayram süfrəsində çəki balığına da üstünlük verilib, amma hazırda bu balıq növünü tapmaq əsl müşkülə çevrilib:

“Bu balığa tələbat çox olduğu üçün qiyməti də bahadır. Bununla yanaşı, bazarlarda satışa çıxarılan dəniz məhsulları arasında çəki balığına əvvəlki kimi çox rast gəlinmir”.

Bundan əlavə, müşahidələr zamanı məlum olub ki, süni göllərdə yetişdirilən balıqların qiyməti də bahalaşıb. Belə ki, bu balıqların satış qiyməti növündən asılı olaraq 6-8 manat arasında dəyişir.

Satıcılar isə söyləyiblər ki, hazırda bazarda müşahidə olunan qiymət artımı çay balıqlarının tutulmasının çətin olması ilə əlaqədardır. Onlar həmçinin dəniz məhsullarının qiymətindəki artıma qarşıdan gələn Yeni il bayramının da təsir etdiyini bildiriblər.

Satıcılar düşünürlər ki, qiymətlər bayramqabağı bir qədər də qalxa bilər:

“Balığın sayı az olduğu üçün qiymətlər də təbii olaraq artır. Bununla yanaşı, göl balıqlarına verilən yemin də qiyməti qalxıb və bu da balıqların qiymətində artıma gətirib çıxarıb”.

Qiymət artımının səbəblərini “Sherg.az”a dəyərləndirən iqtisadçı Fuad İbrahimov vurğulayıb ki, Bayram öncəsi qiymətlərin bahalaşması hər zaman müşahidə olunur:

“ Çünki tələbat artdıqca qiymətlər süni şəkildə bahalaşır. O cümlədən Azərbaycanda da bu proses hər zaman gedir.  Ümumiyyətlə, birinci pandemiyadan sonra hökumətlər çətinlikləri aradan qaldırmaq üçün fiskal siyasət yürütdülər. Bu isə dünyanı inflyasiyanın bürüməsinə gətirib çıxardı.  

Ona görə də 2021-ci il dünya iqtisadiyyatında inflyasiyası ili kimi yadda qaldı. Digər tərəfdən özümüz "inflyasiyanı istehsal edirik". Məsələ yanacağın bahalaşması, kommunal xərclərin artması və.s kimi proseslər qiymətlərin  bahalaşmasına şərait yaradır. 

 Gedən inflyasiya ilə paralel, işbazların bayramdan istifadə edərək süni qiymət artırması, istehlakçıların xərclərini çoxaldır. Bunun qarşısını almaq üçün ilk növbədə sağlam rəqabət mühiti formalaşmalıdır. Rəqabət mühitinin yaranması  üçün ölkəmizin konstitusiyasına "rəqabət məcəlləsi" əlavə edilməlidir. 

Bu məsələ həll edilsə, bazar özü qiymətəmələgəlmə prosesini tənzimləyəcək".