Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Həmçinin Berlində Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış edib.
Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Səfəri "Sherg.az"a dəyərləndirən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, son dövrlərdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri xeyli dərəcədə inkişaf edib:
"Burada təkcə qaz faktoru yox, eyni zamanda yaşıl enerji məsələsi də gündəmdədir. Buna paralel olaraq ölkəmizin həm də Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi, onun Avropa üçün daha da cəlbedici olmasına gətirib çıxarır. Həmçinin Azərbaycan İtaliya, Yunanıstan, Macarıstan və.s kimi ölkələrlə yanaşı Almaniya ilə də əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Biz nəzərə almalıyıq ki, Azərbaycanın Avropada milyard manatla ölçülən ticarət dövriyyəsinin olduğu ölkələrdən biri də Almaniyadır. Bu o deməkdir ki, yaxın perspektivdə sözügedən ticarət dövriyyəsinin daha da artırılması mümkündür. Həmçinin Cənab Prezident Münhen konfransında iştirak etməyə getdiyi zaman da, almaniyalı iş adamları və Şərqi Almaniya Assosasiyasının rəhbərliyi ilə görüşlər keçirdi. Bunların hamısı alman şirkətlərinin Azərbaycana maraq göstərməsindən irəli gəlir".
Analitikin sözlərinə görə, ölkəmiz artıq alternativ və bərpa edilən enerji sahəsində addımları daha da möhkəmləndirməyə çalışır:
"Bu da gələcəkdə Almaniya ilə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Düşünürəm ki, 2023, 2024 və 2025- ci illər ərzində bu görüşlərin nəticəsində alman şirkətlərinin Azərbaycanla əməkdaşlıq imkanları genişlənir. Yaxın zamanlarda biz bunun məntiqi nəticəsini görəcəyik. İndiki halda isə səfər danışıqları əhatə edir. Düzdür, Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 1 milyard manatdan çoxdur. Lakin səfərlə daha ciddi investisiyaların qoyulması üçün zəmin hazırlanır".