"Dolların kursunun aşağı düşməsi ehtimalı azdır".
Bunu "Sherg.az"a açıqlamasında bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov Azərbaycanda və dünyada yaxın zamanlarda dolların kursunun aşağı düşməsi ilə bağlı iddialardan danışarkən deyib.
Ekspert bildirib ki, hazırda dünyada iqtisadi, siyasi və hərbi gərginlik var:
"Belə hallarda isə əksinə dollara tələbat artır. Çünki çox insanın aktivlərini və pullarını dollarla saxlamağa üstünlük verir. Bunun səbəbi isə dolların dünyanın ən güclü dövlətinin pul vahidi olmasıdır. Azərbaycanda isə bu ehtimal daha da aşağıdır. Çünki ölkədə milli valyutanın məzənnəsi inzibati yolla təyin olunur və dollara bağlanıb. Bizim valyuta ehtiyatlarımız əsasən dollarladır. Çünki əsas qazanc mənbəyimiz neftdir, neft isə dollarla satılır. Düzdür, dollar ehtiyatımız hazırda çoxdur. Yəni Azərbaycanın 50 milyard dollara yaxın valyuta ehtiyatı var. Biz həmin valyuta ehtiyatını xərcləməyə başlasaq, dollar ucuzlaşa və manat kəskin bahalaşa bilər. Lakin hökumət bunu heç vaxt etməz. Çünki bu ehtiyatlar gələcək üçün saxlanılır. Yəni ölkəmizdəki neft əvvəl-axır bitəcək və gəlir azalacaq. Bu fonda da valyuta ehtiyatları önəmlidir. Ümumiyyətlə, yaxın zamanlarda dünyada dollarla bağlı dəyişiklik olsa da, Azərbaycanda heç nə dəyişməyəcək".
Qeyd edək ki, yaxın zamanlarda Azərbaycanda və dünyada dolların kursunun aşağı düşəcəyi barəsində iddialar yayılıb.