Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Baş nazirə yenidən müraciət edib. Bu dəfə isə şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.
“Gediş haqqının artırılması ilə bağlı Tarif Şurasının qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”, - deyə müraciətdə qeyd olunur.
Hadisəyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a vurğulayıb ki, sərnişindaşıma şirkətlərinin tez-tez xərclərin yüksək olmasını qiymətlərin artırılması yolu tənzimlənməsi tələbi bəsit yanaşmadır:
"Yəni daşınma xərclərinin artması fonunda, bunu vətəndaşların çiyninə yükləmək doğru deyil. Bu həm metropolitenə, həm “Bakubus”a, həm də özəl daşıma şirkətlərinə aiddir. Onlara dotasiya ilə yanacaq verilməsinin dayandırılmasından öncə qiymətlər 10 qəpik civarında artırılmışdı. Yəni onsuz da qiymət artımı baş verib və bunu yenidən tələb etmək mənasızdır".
Ekspert qeyd edib ki, Azərbaycanda nəqliyyatla bağlı iki böyük problem var:
"Birincisi, bizdə birdəfəlik gedişhaqqının nə qədər olması müzakirə edilir. Bu isə doğru deyil. Dünyada artıq çoxdan differensial qiymət siyasəti var. Yəni birdəfəlik gedişhaqqı baha ola bilər. Ancaq dünya ölkələrində bir günlük, həftəlik, aylıq, altı aylıq və hətta 1 illik biletlər var.
Bizdə isə yalnız birdəfəlik gedişhaqqı primitiv şəkildə müzakirəyə çıxarılır. Ümumiyyətlə dünya praktikasında gedişhaqqı biletlərinin zamanı artdıqca qiyməti də aşağı düşür. Məsələn, bir günlüklə, bir illik gedişhaqqı biletləri arasında 50 faizdən çox fərq var. Bizdə isə belə bir effektiv tarif siyasəti yoxdur.
N.Cəfərli əlavə edib ki, ölkədə nəqliyyat sistemi bir mərkəzdən idarə edilmir:
"Bu da ikinci böyük problemdir. Çünki Metropoliten və “Bakubus” ayrı-ayrı qurumlardır. Hətta Bakı şəhəri İcra hakimiyyətinin məsələlərə müdaxilə hüququ var.
Nəqliyyat Nazirliyi isə başqa idarəedici orqandır. Yəni belə pərakəndə şəkildə sistem idarəetməsi doğru deyil. Dünya praktikasında böyük şəhər bələdiyyələri yaradılır və onlar bütün infrastrukturu idarə edir. Bizdə də vahid idarəetmə sistemi yaratmaq üçün, Böyük şəhər bələdiyyələri təsis edilməli və bütün nəqliyyat sektoru ona tabe olmalıdır.
Bu isə endirimlərin edilməsini və eyni mərkəzdən qiymət siyasətinin yürüdülməsinə şərait yaradacaq. Məsələn, qardaş Türkiyədə bəzən bayram günlərində nəqliyyatdan istifadə pulsuz olur. Həmçinin tələbələr, dövlət qulluqçuları və təqaüdçülər üçün fərqli qiymət siyasəti var.
Bizdə isə belə yanaşma olmadığı üçün daşıma şirkətləri, bütün yükü vətəndaşın çiyninə yükləməklə problemləri həll etməyə çalışırlar. Bu isə doğru yanaşma deyil".