Limit 10 min dollar qoyuldu
"Plastik kartlarla xaricə gedənlərin yeni dəyişikliklərə diqqət etməsi lazımdır".
Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Mərkəzi Bank rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarına dəyişiklik edib:
"Qüvvəyə minmiş yeni qaydalara əsasən, fiziki şəxslər ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar məbləğədək pul vəsaitini nağdlaşdıra biləcək. Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu, ölkə hüdudlarından kənarda kartlardan vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir. Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlərlə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub".