Ona görə vətəndaşlar pulunu daha çox banklara etibar edir
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin yaydığı xəbərə görə, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb.
Ölkədə problemli kreditlərin məbləği isə ilin əvvəlinə nisbətən 16,7 faiz, son 1 ildə isə 25,3 faiz azalıb.
Maraqlıdır, cari ildə banklarda əmanətlərin artması nəyin nəticəsidir? Bəs, problemli kreditlərin 25 faiz azalması nəylə bağlıdır?
Hər iki prosesi şərh edən iqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında bu artımın gözlənilən olduğunu deyib: “İlin əvvəlində belə bir yanaşma vardı ki, əmanətlərin gəlir vergisindən azad edilməsi ilə bağlı güzəştlərin dayandırılması əmanətlərin azalmasına gətirib çıxaracaq.
Lakin o vaxt da belə bir ehtimalın olmadığını demişdim. Çünki iqtisadiyyatda alternativ investisiya istiqamətləri yoxdur. Vergi güzəştinin uzadılmaması səbəbindən vətəndaşlar əmanətlərini çəkib nə edəcəklər!? Ölkəmizdə nə kapital, nə də səhm bazarı var. İstiqraz bazarı isə çox zəif inkişaf edib. Bizim vətəndaşlar pulunu ya daşınmaz əmlak sahəsinə qoyur, ya da banka. Son illər isə daşınmaz əmlak bazarında risklər artıb.
Amma pis-yaxşı ölkədə bank sektoruna nəzarət var, dövlət 100 000 manata qədər olan əmanətləri sığortaladığına görə vətəndaşlar bu bazarda loyal olaraq qalırlar”.
Ekspertin sözlərinə görə, banklarda əmanətlərin artmasının bir səbəbi də manatın qarşıdakı bir il ərzində dollara görə fikse edilmiş rejimdə saxlanılacağına dair gözləntilər, enerji qiymətlərinin yüksək olmasıdır: “Əgər dünya bazarında neftin qiyməti düşsə, manata etibar azalsa, vətəndaşlar da manat depozitindən qaçacaqlar”.
Problemli kreditlərin xüsusi çəkisinin azalmasına gəldikdə isə ekspert bunun müsbət tendensiya olduğunu deyib. Səbəb isə iqtisadiyyatın proqnozlaşdırılması, manatın fikse edilmiş rejimdə qalması, kreditlərin daha məhsuldar şəkildə verilməsi, iqtisadiyyatda şəffaflaşmasının artmasıdır: “Amma biz bilmirik ki, problemli kreditlər hansı formada qaytarılır. Kiminsə banka 12 faizlik 2000 manat kredit borcu varsa, daha sonra başqa bir bankdan 11 faizlə 3000 manat kredit götürüb əvvəlki borcunu bağlaya bilər. Bu təcrübə geniş yayıldığı üçün açıqlanan rəqəmlərin nə dərəcədə etibarlı olduğunu demək çətindir. Amma istənilən halda 2015-ci ildən bu yana ölkə müşahidə olunan maliyyə stabilliyi də imkan verir ki, problemli kreditlərin payı azalsın”.