Ötən həftə hərraclarda dollara tələbat artıb. Belə ki, avqustun 10-dan 17-dək Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərraclarında 127.9 milyon dollar satılıb. Qeyd edək ki, bu əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir. Bu isə son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir.
Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
İqtisadçı millət vəkilinin sözlərinə görə, dollara tələbin artması mövsümi iqtisadi səbəblər ilə yanaşı psixoloji faktorlarla da bağlıdır. Belə ki, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoloji təsir formalaşdırır.
Xatırladaq ki, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. İdxalın artması isə dollara daha çox tələb yaradır.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi hələ də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qonşu dövlətlərin, xüsusilə Rusiya və qardaş Türkiyənin valyuta bazarında baş verən hadisələr indiki vəziyyətdə haqlı olaraq xalqımızın manatın məzənnəsinin necə olacağını maraqla gözləməsinə səbəb olur:
"Hazırda həm Rusiya, həm də Türkiyə ərazisində valyutanın ucuzlaşması prosesi gedir. Ölkə ərazisində dollara olan tələbin artmasında da məhz bu psixoloji faktorun böyük önəm kəsb etdiyini düşünürəm. Əlbəttə burada psixoloji faktorlarla yanaşı, eyni zamanda mövsümün sonuna xarakterik olaraq biznes mühitinin aktivləşməsi məsələsini də nəzərə almaq lazımdır".
Ekspert qeyd edib ki, istənilən milli valyutanın məzənnəsini şərtləndirən bir sıra amillər mövcuddur:
"Manatın dayanıqlığına səbəb olan bir neçə nüans var. Bunlardan ən vacibi idxal və ixrac arasındakı müsbət göstəricidir. Azərbaycanda bu günlərdə idxal və ixrac əməliyyatlarına baxsaq görərik ki, mənfi saldo yoxdur. Həmçinin kifayət qədər maliyyə dayanıqlığımızın olması, ÜDM səviyyəsində olan xarici borclarımızın simvolik olaraq 10 faizə çatması manatın dayanıqlığına işarədir. Bu günlərdə bazarda manatın ucuzlaşması barəsində hər hansı bir təhlükə gözlənilmir".