Kartofun qiyməti bahalaşa bilər?  - AÇIQLAMA

Yığımın azalması bazarlarda bu məhsulun qiymətlərinə təsir göstərəcək

  2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 664 min 921.7 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan  hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz və ya 12 min ton azdır. 2022-ci ilin yanvar-iyul aylarında 34 min 762 hektar sahədən 676 min 984 ton məhsul yığılıb. Qeyd edək ki, hesabat dövründə ən çox kartof Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılıb.
  
Bəs Azərbaycanda kartof istehsalının azalması bazarlarda tərəvəzin bu növünün qiymətlərinə hansı şəkildə təsir göstərəcək?
  
İqtisadçı-ekspert Rauf Qarayev isə hesab edir ki, son illər Azərbaycanda kartof istehsalının həcmi  onsuz da arzuolunan səviyyədə deyil. 

İqtisadçı “Sherg.az”a açıqlamasında deyib ki, biz hələ də  idxaldan asılıyıq. Yaxşı olar ki, kartof sahələrinin genişləndirilməsi üçün müəyyən stimullaşdırıcı tədbirlər keçirilsin. Hansı bölgələrdə kartofçuluğu inkişaf etdirmək olar, orda suvarma ilə bağlı mövcud olan problemlər aradan qaldırılmalıdır: 
“Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılsa da, subsidiyalar verilsə də, aqrar sektor hələ tam şəkildə dövlət tərəfindən dəstək olunmur. Onsuz da  kartofun qiyməti ötən illə müqayisədə yenə də bahadır. Təbii ki, yığımın azalması da qarşıdakı aylarda qiymət artımına səbəb ola bilər. Qiymətlərin əmələgəlmə prosesi hər hansı məhsulun ərsəyə gətirilməsində sərf olunan xərclərdən asılıdır. Xərcləri azaltmaq lazımdır”.
  
Ekspertin fikrincə, hansısa məhsulun əkininin azalması halı varsa, o məhsulun ölkəyə idxalını artırmaqla balans yaratmaq mümkündür:

Onsuz da Azərbaycanda əhalinin kartofa olan tələbatı birbaşa daxili istehsal hesabına ödənmir. Bir çox məhsullar kimi bu sahə də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Pakistandan və digər ölkələrdən gətirilir.