Naxçıvanda unun qiyməti...

Naxçıvan Muxtar Respublikasında taxıl istehsalının həcminin artırılması hesabına unun qiyməti kəskin aşağı düşüb.
Bu barədə  aparıcı taxıl emalı müəssisəsinin icraçı direktoru Canməmməd Canməmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda 50 kiloqramlıq un kisəsi 27 manata təklif olunur ki, bu da əvvəlki qiymətlə müqayisədə 10 manat və yaxud 27 faiz azdır.

"Bu il müəssisə yerli istehsalçılardan 5 266 ton buğda qəbul edib, halbuki son 3 ildə bu rəqəm 2 700 tona yaxın olub. Son 20 gün ərzində 270 tona yaxın un satılıb", - deyə o qeyd edib.
  
Naxçıvanda unun ucuzlaşmasının çörəyin qiymətinə də təsir edəcəyi gözlənilir.
  
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert  Natiq Cəfərli bildirib ki, Naxçıvan ərazisində istehsal olunan taxılın həcminin kəskin artması hələ ki, statistik məlumatlarda öz əksini tapmayıb. Amma bu xəbər həqiqəti əks etdirirsə, o zaman ölkəmiz üçün çox pozitiv hal olar:

"Biz daim una olan tələbatımızın cəmi 25 faizini özümüz ödəyirik, yerdə qalan hissə  xaricdən idxal olunur. Naxçıvanda keyfiyyətli və əmtəəlik buğda istehsal yerli ehtiyacları ödədiyinə görə un qiymətlərinin aşağı düşməsi əlbəttə sevindirici xəbərdir, lakin ölkə ərazisinin tamamına baxdıqda digər bölgələrimizdə un qiymətlərində hər hansı bir qiymət enməsi halının  yaşandığına şahidlik etmirik".
  
Ekspert bildirib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin əvvəllərində dünya bazarında taxılın qiymətində kəskin artım müşahidə olunurdu:

 "Hazırda isə bu artım dayanıb və taxılın qiymətində sabitlik yaranıb. Hətta son aylarda dünya bazarında ərzaq buğdasının qiymətinin enməsinin də şahidi oluruq. Bu səbəbdəndir ki, biz Azərbaycan Gömrük Komitəsinin məlumatlarına baxdıqda keçən illə müqayisədə bu il idxal olunan taxılın həcm və dəyər göstəriciləri arasında  təqribən 5-10 faiz ucuzlaşmanın yaşandığını görürük. Amma 25-30 faiz şəklində kəskin ucuzlaşma müşahidə edilmir".

N.Cəfərli vurğulayıb ki, Naxçıvanda yaşanan bu müsbət hal çörəyin qiymətinə də öz təsirini göstərəcək:

 "Bildiyimiz kimi, çörək istehsalında qiymətin formalaşmasının 80 faizə  yaxını unun qiymətindən asılıdır. Yerdə qalan 20 faizlik hissəyə əmək haqqı, komunal və s. digər xərclər daxildir. Çörək istehsalında əsas istehsal xammalı un olduğu üçün unun qiyməti çörəyin qiymətinin formalaşmasında çox ciddi rol oynayır. Əgər Naxçıvanda unun qiyməti 27 faiz aşağı enibsə, bu, çörəyin qiymətinin də ən az 20 faiz enməsinə şərait yaradacaq".