Hazırda dünyada neftin qiymətləri sabitdir və onların azalmaqdan daha çox artımı ehtimalı var.
Bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.
Bəs bu hal Azərbaycanda özünü necə göstərəcək?
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, neftin daha da bahalaşması ehtimalı sadəcə proqnozdur:
“İstənilən istiqamətdə cərəyan edə bilən hadisələr bahalaşma da, ucuzlaşma da ola bilər. Dünyada gedən proseslər Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fəaliyyətindən də aslıdır. Hansısa bir fors-major hal olmasa, sadəcə mərhələli bahalaşma baş verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının “driver” sahəsi, başlıca gəliri neftdir. Azərbaycan zəngin təbii sərvətlərini illər öncə iqtisadi dövriyyəyə cəlb edə bildiyi üçün bu gün o varlıqdan yararlana bilir. İstər xarici, istər daxili siyasətimiz, istərsə də, idarəçilik qabiliyyətmizlə iqtisadi dövriyyədə diqqəti cəlb etmişik. İqtisadiyyatımızın əsas hissəsi neft gəlirlərindən ibarətdir. Qiymətin bahalaşması mədaxil olan xeyrin həcmini artırır. Gələn kapital sosial yönümlü layihələrə, qeyri-neft sektorunun inkişafına da şərait yaradır. Bu gün neftin qiymətinin bahalaşması dolayı yolla Azərbaycanın gəlirinin artması deməkdir”.
Səbinə Elmanqızı