"Aviabiletlərin qiymətinin artması AZAL-ın prezidentinin dəyişməsi ilə əlaqədar deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli aviabiletlərin bahalığı ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, bu, sözügedən şirkətin yürütdüyü siyasətlə əlaqəlidir:
"Rəqabətli mühit, yerüstü xidmətlərin azaldılması, boş qalan hava limanlarının icarəyə verilməsi qiymətin azalmasına kömək olacaq amillərdir. Bir neçə hava limanı var ki, milyonlarla vəsait xərclənməyinə baxmayaraq boşdur. Lənkəran, Zaqatala, Qəbələ, Gəncə və Füzulidə yerləşən hava limanlarını xarici şirkətlərə uzun müddətli icarəyə vermək məqsədəuyğundur. Ucuz uçuşların təşkilinə şərait yaratmaq lazımdır. Rəqabət yaranacaqsa, qiymət düşəcək”.
Qeyd edək ki, Cahangir Əsgərov Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 1-i vəzifəsindən azad edilib.
Səbinə Elmanqızı