Dəyişiklik ədalətsizliyin aradan qaldırılmasına yönəlib
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:
Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manata azaldılması təklif edilir. Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manata, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manata, 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, davamı olaraq da yüksələn qiymətlərə müvafiq azalmalar təklif edilir. Nəhayət, qiymət 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata qədər azalma. Qeydiyyatı üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu 20 manatdan 15 manata qədər azaldılır.
Dəyişikliklə bağlı “Sherg.az”a danışan iqtisadçı Pərviz Heydərov qeyd etdi ki, bu, ədalətsizliyin aradan qaldırılımasına yönəlib:
- Bu məsələdə əvvəllər ədalətsizliyə yol verilmişdi. Şəxsi istehlak üçün gətirilən mobil telefonlarla sahibkarlıq fəaliyyəti üçün gətirilən mobil telefonlara təyin edilən dövlət rüsumunun miqdarı eyni idi. Necə ola bilər ki, şəxsi istehlak üçün gətirilən mobil telefonun qeydiyyatı üçün müəyyən edilən dövlət rüsumunun miqdarı sahibkarlıq məqsədilə satışa çıxarılacaq mobil telefonlar üçün nəzərdə tutulan rüsumla eyni olsun? Bunlar bir-birindən fərqlənməliydi. Aralarında bir fərq olmalıydı. Belə vəziyyət sahibkarlar tərəfindən qiymətlərin şişirdilməsinə gətirib çıxarırdı. Sahibkarlar, mobil telefon satış mərkəzləri alıcıların əlacsızlığından istifadə edib qiymətləri qaldırırdılar. Dəyişiklik ona görə müsbətdir ki, artıq arada fərq olacaq. Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil telefona görə daha az rüsum ödənəcək.
Ümumiyyətlə, şəxsi istehlak üçün ölkəyə gətirilən mallara dövlət rüsumunun niyə təyin edilməsinə gəlincə, iqtisadçı bunu pul kütləsinin, valyutanın ölkədən çıxışının kompensasiya edilməsi zərurəti ilə izah etdi:
- Həmin pulu biz burda, öz ölkəmizdə qazanmışıq, amma xarici ölkəyə xeyir veririk. Dövlət məcburdur ki, ölkədən çıxan pulun müqabilində müəyyən qədər rüsum tutsun. Xarici ölkədən gətirilən mallara limit qoyulmasına da anlayışla yanaşmaq lazmdır. Sadəcə, problem bundadır ki, bizdə daxili istehsal zəifdir. Biz mobil telefon istehsal etmirik, məişət texnikası istehsal etmirik. Yaxın gələcək üçün belə bir perspektiv də görünmür. Vətəndaş məcburdur ki, bu əşyaları, malları xarici ölkələrdən gətirsin. Amma məsələ həm də bundadır ki, dövlət daxili istehsalın genişlənməsi üçün nəzərdə tutulan mallara görə dövlət rüsumu tutmur. Kənd təsərrüfatı, əkinçilik, quşçuluq və bir sıra istehsal sahələri var ki, orada istifadə olunacaq avadanlığa, müxtəlif materiallara görə vergi, rüsum yoxdur. Burada məqsəd daxili istehsalı stimullaşdırmaq, inkişaf etdirməkdir. Qısaca belə deyək; istehlak mallarına dövlət rüsumu təyin edilir, amma istehsal mallarına edilmir.