Hökumət özü də bu məsələdə maraqlı sayılır
İqtisadi Şuranın iclasında bildirilib ki, sosial xarakterli güzəştlər - vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər vasitəsilə əhalinin vergi yükü azaldılacaq. İclasın gündəliyində 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi, onun nəticələrinə əsasən vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər, eləcə də, Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üzrə dəyişiklikləri əhatə edən istiqamətlər və digər məsələlər geniş müzakirə olunub.
Dəyişikliklər əhalinin vergi yükünün azaldılmasına nə dərəcə təsir edəcək? “Sherg.az”a açıqlama verən iqtisadçı Pərviz Heydərov qeyd etdi ki, büdcə-vergi siyasətində dəyişikliklərə vaxtaşırı olaraq həmişə ehtiyac var və odur ki, hökumət özü də bu məsələdə maraqlı sayılır:
- Lakin bu dəyişikliklər yumşaltmanı ehtiva etdiyindən hər dəfə bunu etmək olmur, həmçinin necə gəldi də etmək olmur. Ona görə də qeyd olunan məsələ düşünülmüş və ölçülü-biçili yanaşma tələb edir. Sonuncu dəfə belə yumşaltmalardan ibarət dəyişiklik 2019-cu ilin yanvarın 1-dən etibarən tədbiq edilmişdi. “Yumşaltmalardan ibarət” dedikdə, dəyişikliklərin hamısı heç də məhz bundan ibarət deyildi təbii ki. Ümumilikdə, 300-ə yaxın dəyişiklik edilmişdi ki, bunun nəticəsində elə həmin ildən başlayaraq dövlət büdcəsinin gəlirləri artdı, qeyri-leqal dövriyyədən getdikcə daha çox vəsait üzə çıxmağa başlandı, iqtisadiyyatda şəffaflaşma prosesi genişləndi, kölgə iqtisadiyyatı daralmağa doğru istiqamət götürdü və sair. Bütün bunlar isə minimum əməkhaqqını və pensiya məbləğini artırmağa imkan verdi, sosial istiqamətdə maliyyələşdirməni genişləndirmək üçün əlavə şərait yaratdı. Ümumiyyətlə, büdcə-fiskal siyasətində belə dəyişikliklərə həmişə ehtiyac var və bu, edilməlidir. İqtisadiyyatın inkişafını tənzimləyən vergi və rüsum siyasətidir. O, daima təkmilləşdirilməlidir. Əhalinin gəlirlərinin artmasına yalnız bu vasitəylə nail olmaq olar və mümkündür. Hələ ki deyə bilmərəm nə kimi güzəştlər və yumşaldılmalar tədbiq ediləcək. Ancaq hesab edirəm ki, 5 il öncədəki kimi yeni ildən tətbiq olunacaq vergi və rüsum stimullaşdırmaları da əhalinin sosial müdafiəsinin effektli təminatı baxımından böyük əhəmiyyət daşıyacaq. Son 5 ildə ölkədə əhalinin gəlirlərinin bir neçə dəfə artmasında və bu gün minimum əməkhaqqının 350 manata yaxın, pensiyanın isə 280 manat təşkil etməsində əvvəlki dəyişikliklər əsas rol oynayır.