Bütövlükdə rəqabəti məhdudlaşdıran sahibkarlar sanksiyalara məruz qalacaqlar
Bazarda rəqabəti pozan, süni şəkildə qiymətlərə təsir edən sahibkarlarla bağlı cərimələr nəzərdə tutulur. Belə ki, Rəqabət Məcəlləsinə əsasən, məhz bazardakı tarazlığa öz mövqeyindən istifadə edib təsir göstərən sahibkarlarla bağlı dövriyyəsinin 3, 5 və 10 faizi həcmində cərimələrin tətbiq edilməsi nəzərdə tutulur.
Bunu “Trend”ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, məqsədli şəkildə bazarda qiymətlərin kəskin artımına gedən və bütövlükdə rəqabəti məhdudlaşdıran sahibkarlar sanksiyalara məruz qalacaqlar.
“Sanksiyaların məqsədi birmənalı şəkildə həm qiymətlərin optimallaşdırılması, süni qiymət artımlarının qarşısının alınması və bütövlükdə bazarda rəqabətin qorunmasından ibarətdir. Bu da öz növbəsində bazarda qiymətlərin tələb-təklif əsasında optimallaşdırılması və hətta bəzi məhsullar üzrə azalması və süni qiymət artımlarının qarşısının alınmasına imkan verəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, əlində ticarət dövriyyəsi şəbəkəsi olan şəxslər çox asanlıqla bazardakı qiymətlərə təsir edə, süni qiymət artımına nail ola bilir: “İnhisarçı bir sahibkarın süni olaraq hansısa bir məhsulun qiymətini bahalaşdırması digər sahibkarları panikaya salır və yaxud da daha çox qazanmaq qabiliyyətinin indeksini qaldırır. Nəticədə qısa vaxt ərzində bazarda həmin məhsulun qiymətinin bahalaşması faktı müşahidə edilir. Eyni zamanda bir neçə ticarət şəbəkəsinin məsul şəxsləri arasındakı sövdələşmə də bazarda süni qiymət artımına gətirib çıxarır. Birinci dərəcəli qiymət diskriminasiyası adlandırdığımız fakt isə istehlak səbətində vacib olan məhsulların qiymətini süni şəkildə maksimal dərəcəyə qaldırırlar. Bilirlər ki, şəkərin, şəkər tozunun, kartofun, soğan kimi ərzaqların qiyməti neçə olur-olsun istehlakçılar alacaq. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra isə bir məhsuldan maksimal gəlir əldə edən “oyunbaz”ların kitabı bağlanacaq. Lakin o şərtlə ki, Məcəllənin icra mexanizmi düzgün qurulsun. Rəqabət Məcəlləsinin sistemi ASAN Xidmət kimi qurulmalıdır ki, effekt versin. Yoxsa ki, AZAL və digər dövlət şirkətlərində izafi xərclərə son qoymaq, gəlirlə işləməyi təmin etmək, dövlət dotasiyasını azaltmaq və korporativ idarəetməni təkmilləşdirilmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdı. Hamı ümid edirdi ki, AZAL biletlərin qiymətini ucuzlaşdıracaq. Yaxud da suyun qiyməti yerində qalmaqla keyfiyyəti yüksələcək. Mənzillərimiz təmiz su ilə təmin ediləcək. Lakin verilən vədlərin heç birinə əməl olunmadı. Yaranmış qurumun icra mexanizmi düzgün qurulmadı deyə bu gün AİH-in adı var, özü yoxdur. Çox-çox ümid edirəm ki, Rəqabət Məcəlləsinin icra mexanizmi gözləntilərimizi doğruldacaq”.
Rəqabət Məcəlləsinin azad sahibkarlıq mühitinə heç bir maneəsi olmadığını vurğulayan ekspert qeyd edib ki, əksinə, qısa zaman kəsiyində biznes mühitində, makroiqtisadiyyatda və əhalinin xərclərinin azalmasına töhfə verəcək bir mühit yaranacaq: “İnhisarçılığa qarşı mübarizə o demək deyil ki, hansısa sahibkara deyəsən ki, filan məhsulu bu qiymətə satmalısan. Sağlam rəqabət mühiti o deməkdir ki, bir məhsulu hər kəsin satmaq ixtiyarı var. Yəni hansısa sahibkarın süni şəkildə baha qiymətə satdığı məhsulu mən də, siz də daha ucuz qiymətə təklif edə bilərik. Nəticədə həmin adam da məcbur qalıb qiyməti aşağı salacaq. İnhisarçılıq olanda isə iri ticarət şəbəkələrinin rəhbərləri ayrı-ayrı sahibkarala təzyiq edir ki, filan məhsulun qiymətini sən də qaldır, yoxsa… deyərək müxtəlif təzyiq variantlarını işə salırlar”.