Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Büdcə zərfində güzəştlərin miqyasının genişləndirilməsi sahibkarların daha çox dəstəklənməsi məqsədi daşıyır
Ölkə iqtisadiyyatının dayanıqlı inkişafının həm də liberal iqtisadiyyata bağlı olduğu danılmaz faktdır. Elə buna görə də Azərbaycan dövlət siyasətində sahibkarlara dəstək verilməsi, onlara bütün sahələr üzrə münbit şərait yaradılması prioritet təşkil edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlər daha 3 il müddətinə vergidən azad ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət 2014-cü il yanvarın 1-dən 13 il müddətinə vergidən azad ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu müddət 2014-cü il yanvarın 1-dən 10 il müddətinə nəzərdə tutulub. Həmçinin layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdan kənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsi hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə vergidən azad olacaq. Hazırda qüvvədə olan Məcəllədə bu müddət 2023-cü il yanvarın 1-dən 1 il nəzərdə tutulub. Bununla yanaşı, mikro sahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçid stimullaşdırılacaq. Hazırda gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Layihəyə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti plan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq siyasətindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrdə gəlir vergisi öhdəliyindən çıxılır. Həmçinin qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur. Layihədə vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi - təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə 40 faizi həcmində nəzərdə tutulub.
Paralel olaraq mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məqsədilə ödənilmiş sosial sığorta haqqı məbləğinin 25 faizinin gəlir vergisi və sadələşdirilmiş vergidən çıxılması təklif olunur. Qeyd edilib ki, mikro sahibkarlıq subyektlərinin sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə onların özlərinə görə ödədiyi sosial sığorta haqqı məbləğinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması sosial iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü olacaq. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında tətbiq edilən innovativ alətləri sinxronlaşdırmağın və vahid güc yaratmağın zamanı gəlib. Bundan başqa, o deyib ki, ölkədə startap şahədətnamalərinin verilməsi ilə bağlı mexanizmlər var, müxtəlif texnoparklar mövcuddur: "Həmin texnoparklardakı rezidentlərə güzəştlər verilir. Sahibkarlar üçün maliyyə əlçatanlığının təmin edilməsi, maliyyə savadlılığın artırılması vacibdir. Hazırda ölkə gəncləri daha yaradıcı və dinamikdirlər. Onlar fürsətlər axtarır və baxışlarına uyğun müasir həlləri vermək vacibdir".
Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, büdcə zərfində güzəştlərin miqyasının genişləndirilməsi sahibkarların daha çox dəstəklənməsi məqsədi daşıyır. Deputat diqqətə çatdırıb ki, sahibkarların dəstəklənməsi sahibkarlığın inkişafı üçün yeni imkanların yaranması deməkdir: "Bu addımlar yeni sahibkarların formalaşmasına və məşğulluğun sahibkarlar vasitəsilə dəstəklənməsinə xidmət edir. Ona görə də bütövlükdə yanaşma ondan ibarətdir ki, birbaşa sahibkarlıq subyektlərinə, xüsusən də mikro, kiçik və orta sahibkarlara ünvanlanan güzəştlərin miqyası genişləndirilsin. Bununla da, aktivliyin artırılmasına nail olunsun".
Parlament üzvü vurğulayıb ki, sahibkarlara dəstək fəaliyyəti, güzəştlərin tətbiq edilməsi növbəti illərdə də həyata keçiriləcək: "Növbəti illərdə də sahibkarlar yeni güzəştlərdən faydalana biləcəklər. Bu məsələ növbəti günlərdə Milli Məclisin müvafiq komitəsində müzakirə olunacaq".