"Birdəfəlik kölgə iqtisadiyyatından xilas olmaq lazımdır"  - İqtisadçı ekspert



"Ayrı-ayrı şəxslərin gizli qazancına son qoyulmalıdır. Belə olan halda dövlət qazanacaq. Dövlətin qazanması isə,  əhalinin sosial rifahının yüksəlməsi ilə nəticələnəcək”
 
Təhlillər göstərir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin ağardılması sürətlənib.
Bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Son dövrlər Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub. Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, binzes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması konteksində atılan addımlar da böyük rol oynayıb", - deyə o qeyd edib.

Mövzu ilə bağlı “Sherg.az” a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, oranın iqtisadiyyatında dövriyyə tamamilə şəffaf şəkildə təmin edilsin: 

“Hər bir ölkədə kölgə iqtisadiyyatı mövcuddur. Sadəcə olaraq onun xüsusi çəkisində fərqlər mövcuddur. Məsələn, Yaponiyada və Cənubi Koreyada bu rəqəm çox cuzidir. Qardaş ölkə Türkiyədə kifayət qədər yüksək səviyyədədir. Makroiqtisadi tarazlığı tam şəkildə bərqərar etmək, sağlam mühitli iqtisadiyyat yaratmaq üçün kölgə iqtisadiyyatından xilas olmaq lazımdır. Ayrı-ayrı şəxslərin gizli qazancına son qoyulmalıdır. Belə olan halda dövlət qazanacaq. Dövlətin qazanması isə,  əhalinin sosial rifahının yüksəlməsi ilə nəticələnəcək”.  

F.İbrahimov Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin azalması üçün  hökumət tərəfindən son zamanlar kifayət qədər işlər görüldüyünü vurğulayıb:

“Azərbaycan bu sektorda  hazırda  Qərb dünyasında tətbiq olunan müasir modelləri istifadə edir. Adicə ƏDV geri qaytar proqramı bütün məlumatlı vətəndaşlar tərəfindən istifadə edilir.  Bu proqram sayəsində vətəndaşların özü kölgə iqtisadiyyatına qarşı mübarizə aparır. Nəğdsiz ödənişlər kölgə iqtisadiyyatının ağardılmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ölkə ərazisində kartla birbaşa ödənişlərə böyük bonuslar verilir. Bunlara baxmayaraq böyük ticarət mərkəzlərində hələ də güzgü metolodogiyası işləmir. Yəni ölkəyə daxil olan mal və onun satışını təmin edən statistik məlumatlar yoxdur. Bu o deməkdir ki, ölkədə gizli iqtisadiyyat var. Lakin bu konteksdə olan layihələri artırmaqla tamamilə kölgə iqtisadiyyatından xilas olmaq olar”.