Yalnız vergi güzəştləri ilə region turizmini inkişaf etdirmək olmaz  - İqtisadçı 

"Başqa stimullaşdırıcı addımlar atılmalıdır ki,  effektiv nəticə versin"

Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənəd əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir. 


Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki,  Bakı, Sumqayıt və Abşeron ərazisində yerləşən otellərdə doluluq səviyyəsi yüksəkdir.  Onlara güzəşt tətbiq edilməməsinin səbəbi budur:

"Bu addım bölgələrdə regional turizmin inkişafı üçün  nəzərdə tutan bir addımdır. Buna səbəb regionlarda otellərin doluluq səviyyəsinin çox aşağı olmasıdır.  Naftalan, Quba, Şəki kimi rayonlarda vəziyyət yaxşıdır. Amma geridə qalan rayonlarda bu göstərici qənaətbəxş deyil. Vergi güzəştləri yolu ilə bu sahəni stimullaşdırmaq gərəkir. Gələcəkdə bu addımın özünü nə dərəcədə doğrutlduğunun şahidi olacağıq". 

İqtisadçı-ekspert  problemi tək vergi güzəştləri ilə həll oluna bilməyəcəyini də vurğulayıb:
 "Ölkədə turizm sektorunu inkişaf etdirmək üçün bir sıra başqa addımlar atılmalıdır. İlk növbədə turizm potensialını tam istifadə etmək üçün quru sərhədlər də açılmalıdır. Eyni zamanda  xarici vətəndaşlar üçün vizalar sadələşdirilməlidir. Doğrudur, regionlarda yerləşən otel və sanatoriyalarda əmlak vergisinin azaldılması sevindirici addımdır. Amma  yalnız bunla nəticə gözləmək olmaz. Turizm sahəsində başqa stimullaşdırıcı addımlar atılmalıdır ki,  effektiv nəticə versin".