Neftin qiymətində dalğalanmalar olacaq - İqtisadçıdan proqnoz

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,45 % artaraq 85,4 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Neftin dünya bazarındakı qiymətlərini "Sherg.az"a şərh edən iqtisadçı Fuad İbrahimov bildirib ki,  son zamanlar neft qiymətində müəyyən dalğalanmalar yaşanmaqdadır:

"Həcm indiqatorlarına diqqət yetirdikdə, müəyyən olunmuş 75-88 dəhlizi dayanıqlı görsənir. Doğrudur, bu dəhlizdə müəyyən dəyişikliklər olur. Amma OPEC formatında qiymətin aşağı enmə ehtimalını yaradacaq heç bir səbəb yoxdur. Eyni zamanda Yaxın Şərq istisna olmaqla digər  ümumi dünya karbohidrogen ehtiyyatlarına malik olan dövlətlərdəki vəziyyətində bu qiymətlərə təsir etməsinə şərait yadacaq hadisələr müşahidə edilmir".

 F.İbrahimov brijada müəyyən iqtisadi proseslərlə yanaşı spekulativ, yəni gözlənilməyən səbəblərin də hər hansı dalğalanma trendini yarada biləcəyini vurğulayıb:

"Bu əslində bütün məhsul qiymətəri üçün ortaq xüsusiyyətdir. Ümumən hazır ki, vəziyyəti dəyərləndirsək, 75-88 dəhlizi stabilliyini qoruyur və müəyyən dövrdən sonra qiymət artımı trendinin formalaşması müşahidə oluna bilər. 2020-ci ildə neft qiymətləri ən aşağı səviyyəyə düşdükdə Azərbaycan iqtisadiyyatı öz elastikliyini sınaqdan keçirdi və üzü ağ çıxdı. Nəticə olaraq bu xırda qiymət dəyişikliklərinin ciddi bir problem olmayacağı söyləmək olar".