Hökumət ziyana düşməyəcək
Sabahdan ölkə ərazisində təbii qazın verilişində qış mövsümü başlayır. Və... Təbii qazın verilişində təzyiq artmalıdır. Bəlkə də 2021-ci ilədək noyabrın 15-ni həsrətlə gözləyən ailələr çox idi. Məhz bu tarixdən mənzillərə, hansılar ki mərkəzi istilik sisteminə qoşulmuşdu, istiliyin verilməsinə başlanılırdı, taki aprelin 15-dək. Təbii qazın verilməsində payız-qış, qış-yaz rejimlərinin hələ də tətbiqinin mənasız və məntiqsiz olduğundan çox yazılıb, çox deyilib.
Əlbəttə ki, bir nəticə də hasil olmayıb. Kimlərsə, üzə durub, əhalinin işlətdiyi hər kub.metr təbii qaza görə ödəniş etməsini göz ardı, qulaq ardı edərək havalar isinməmiş istilik sistemini bağlayır, noyabr gəlməmiş də mavi yanacağı əhaliyə gözü doyusu vermək istəmirlər. Necə ki son illərdə təbii qaza tətbiq edilən və hər dəfə də azaldılan limit problemini görməzdən gəlirlər. Rəsmi açıqlama verəndə də özlərinin şişirtdikləri rəqəmlərə əsaslanaraq “əhalinin böyük hissəsi limiti keçmir”, söyləyirlər. Elə bil torpağın altından çıxan təbii qaz bunların dədə malıdı, kimsəylə bölüşmək istəmirlər. Millət vəkillərinin çıxışlarına, iradlarına, seciçilərinin narazılıqlarını dilə gətirmələrinə də məhəl qoyulmur. Millət vəkili Nəsib Məhəməliyev hələ ilin başlanğıcında Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif etmişdi. Və bildirmişdi ki, qaz limiti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Əhali qaz limitinin azlığından şikayət edir. Amma məsələyə baxılmadı. İndi də millət vəkili Fazil Mustafa eyni məsələni qaldırıb: “Azərbaycanda qaz limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır. Çünki hazırda çox insan qiymətlərin yüksək, limitin isə az olmasından əziyyət çəkirlər. Hökumətin də buna imkanları yetərlidir”. Bakupost.az -a danışan deputat qeyd edib ki, qaz limitinin vətəndaşı nə qədər çətinə saldığı hər kəsə məlumdur: “İnsanların çoxu mövcud limiti elə yanvar-fevral aylarına qədər bitirir. Xüsusilə gəliri az olan vətəndaşlara bu, ciddi problem yaradır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addınların atılması vətəndaşın yükünü yüngülləşdirər”.
Xatırladaq ki, əhali qrupu üçün qaz limiti 1200 kub.metrdir. Yəni, kub-metri 12 qəpikdən hesablanan qazın. 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan sərfiyyat üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
1200-lük limit nə deməkdir? Bu, o deməkdir ki, vətəndaşlara hər ay üçün 100 kub.metr qaz ayrılır. Kubmetri 12 qəpikdən hesablanan limitlə vətəndaş 12 ayda yalnız 100 kub.metr qaz istifadə etməlidir. Yay aylarında qazdan istifadənin azalmasını əsas gətirərək guya ki,bunun hesabına qışa “ehtiyat” saxlamaq prinsipi də burada keçərli olmayacaq. Çünki təbii qaza tələbat daimidir. Yay mövsümündə, payızın xoş keçən havalarında istilik sobası yandırılmasa da, mətbəxdə istifadə edilir, hamam otağındakı su qızdırıcılar da işlək vəziyyətdə olur. Qazın 12 qəpiklik limitini keçməmək üçün gərək xörək bişirməyəsən, çimməyəsənm də. Fərdi evlərdə vəziyyət daha çətindir. Çünki bu cür mənzillərin qızdırılması daha çox təbii qaz tələb edir.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təbii qaza tətbiq edilən limit ləğv edilməlidir:
- Təbii qaz və elektrik enerjisinə görə ödənilən məbləğlər, xərclər kommunal ödəniş səbətində kifayət qədər böyük yer tutur. Lakin əhali qrupu xüsusən payız və qış mövsümündə mənzili isitmək üçün təbii qazdan lazım olduğu qədər istifadəyə etməyə məcburdur. Fərdi evləri, panel mənzilləri isitmək üçün təbii qaz istər-istəməz çox istehlak edilir. Təbii qaza tətbiq edilən 12 qəpiklik limit cəmi 1200 kub.metri əhatə etdiyindən əhali qoyulan limiti qısa zamanda keçir, sonrakı mərhələdə isə artıq daha çox ödəniş etməyə məcbur qalır. Hesablamalara görə, millət vəkilinin də vurğuladığı kimi, abonentlərin 48-49 faizi 12 qəpiklik limiti yaz gəlməmiş keçir. Payız mövsümü və qışın ilk ayında isə artıq təbii qazın hər kub.metrinə görə 25 qəpikdən ödəniş etməli olur. Bundan aztəminatlı və çoxuşaqlı ailələr, eləcə də təqaüdçülər əziyyət çəkir.
N.Cəfərli qeyd etdi ki, təbii qaza və elektrik enerjisinə tətbiq edilmiş limitin ləğvindən hökumət ziyana düşməyəcək:
- Heç olmasa 12 qəpiklik limiti artırmaq mümkündür. Limitlər tamamilə ləğv edilə də vilər. Və inanın, bundan dövlət ziyan çəkməyəcək. Çünki təbii qazın da, elektrik enerjisi istehsalının da maya dəyəri aşağıdır. Qaz da, elektrik enerjisi də ölkədə istehsal olunur. Hesab edirəm ki, bu iki məhsulun satışından daha böyük qazanc gözləməkdənsə, əhalinin maraqlarını təmin etmək, əhalinin gəlir itkisinə yol verməmək daha məqsədəuyğundur. Başqa variantlar da var. 12 qəpiklik limiti artırmaq olar. Yaxud da təbii qaza limit mənzillərin kvardrat metrinə görə tətbiq edilsin. Hesab edilirsə ki, böyük yaşayış sahəsi olanlar daha varlıdırlar, o zaman yaşayış sahəsi 200 kvadrat.metrdən çox olan mənzillərə limit tətbiq edilsin və daha yüksək tarif təyin olunsun. Hesasb edirəm ki, belə bir differensial yanaşma daha ədalətli olar.
Məlahət Rzayeva