2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.
ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 10 856,0 manata bərabər olub.
Mövzunu “Sherg.az” üçün şərh edən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, hazırda bazarda neftin qiymətinin aşağı düşməsi müşahidə olunur:
“Qiymətin aşağısı düşməsi neft-qaz sektorunda da hasilatın azalmasına səbəb olur. Bu da yekunda ÜDM-də neft-qaz sektorunda əlavə dəyərinin azalması ilə nəticələnir. Yerdə qalan digər sözügedən sektorlarda artımlar isə dinamik şəkildə inkişaf etməkdə davam edəcəkdir. Statistikalara nəzər yetirsək 2019-cu ildə pandemiyaya qədər dinamik inkişafın olduğu görünür. Sadəcə olaraq pandemiya bütün sektorlara mənfi təsir göstərdi. Pandemiyanın geridə qalmasından sonra olan artım isə 2023-cü ildə özünü açıq-aşkar birüzə verir. 2024-cü ildə də ölkə iqtisadiyyatındakı canlanmanın və tərəqqinin davam edəcəyini düşünürəm.