ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 83,99 dollardan 82,4 dollaradək azaldıb.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 82,57 dollar təşkil edə bilər (öncəki proqnoz – 93,24 dollar).
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 77,63 dollar (öncəki proqnoz – 79,41 dollar), 2024-cü ildə isə 78,07 dollar (öncəki proqnoz – 89,24 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.