Dolların alışı kəskin artıb: Manata təsir edəcək?

Dekabrda keçirilən valyuta hərraclarında dollara tələbin əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq dərəcədə artması müşahidə edilir.
İlin son ayının ilk iki həftəsi ərzində 4 valyuta hərracı keçirilib. Bu hərraclarda alınan valyutanın məbləği 279,9 milyon dollar təşkil edib.
Hərraclarda ən az 44,8 milyon dollar, ən çox 95,1 milyon dollar alınıb. Orta hesabla hər hərracda alınan valyutanın məbləği 70 milyon dollar təşkil edib. Ayın sonuna qədər hərraclarda 500 milyon dollardan çox valyutanın alınması mümkündür.
Noyabrda 234,7 milyon dollar, oktyabrda 202,6 milyon dollar, sentyabrda 164,5 milyon dollar satılmışdı. Dekabrdakı ilk 4 hərracda satılan valyutanın məbləği əvvəlki aylardan daha çoxdur. Bu da dekabrda dollara tələbin xeyli artdığını göstərir.
İlin son ayında dollar alışının artması anlaşılandır. Sonuncu ayda həm əhalinin xərcləri artır, həm də biznes sektoru ilə yekun vuraraq müəyyən ödənişləri həyata keçirir. Ötən ilin dekabrında valyuta alışı 596 milyon dollar olmaqla əvvəlki aylardan xeyli yüksək olub. Bu ilin sonuncu ayında da eyni halın təkrarlanması gözlənilir.
Dekabrda dollara tələbin artmasına baxmayaraq qeyd edək ki, 2023-cü ildə 2022-ci ildə olduğu kimi dollara tələb zəifdir. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün təklif edilən dolların bir hissəsini alır.

Dollara olan təlabatın artmasını “Sherg.az” üçün şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki,  əslində dollara olan tələbin dekabr ayında artması ənənə xarakteri daşıyır:

"Bunun iki səbəbi var. Birinci səbəb yenil il qabağı səyahət edənlərin sayında, ölkəyə gətirilən ərzaq və yeni ilə aid məhsulların  çəkisində artımın olmasıdır. Bu səbəbdən dollara təlabat normal olaraq artır.  İkinci məsələ büdcə öhdəlikləri ilə bağlıdır. Belə ki, IV rübdə əsasən da noyabr və dekabr aylarında büdcə xərclərinin daha çox artdığının şahidi oluruq. Bu illərdir belədir. Neft fondu manat şəklində olan öhdəliklərini dolları manata çevirərək büdcəyə transfer etməsi ilə ödəyir. Sözügedən iki səbəb dollara olan təlabatın artmasına şərait yaradır”.  

Ekspert dollara olan təlabatın manatın məzənnəsinə təsir edəcəyini düşünmədiyini vurğulayıb:
“Belə ki, Azərbaycanda məzənnə inzibati olaraq tənzimlənir. Bu nöqteyi-nəzərdən məzənnə ilə bağlı yaxın günlərdə hətta aylarda  hərhansı dəyişikliyin olması praqnozlaşdırılmır. Mərkəzi Bankın və hökümətin gələn ilki parametrlərində dollar hazırki vəziyyəti ilə hesablanıb. Amma müəyyən müddətdən sonra məzənnədə bəzi dəyişikliklər olacaqdır. Gələn il olmasada 2025 və ya 2026- cı illərdə bu hal qaçınılmaz xarakter alacaqdır”.