Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,12% azalaraq 2 004,8 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,49% azalaraq 22,05 dollar təşkil edib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, qızılla bağlı günlük dəyərləndirmə yanlış prosesdir:
"Çünki ən azı həftəlik, aylıq artım və azalma qrafikinə baxmaq lazımdır. Qızılın son zamanlar qiyməti gah qalxır, gah da düşür. Hətta bundan öncə 2100 dollara qədər qalxmışdı. İki həftə qabaq isə 2000 dollardan aşağı düşmüşdü. Yəni günlük qrafiklər əsasında qızılın gələcək qiyməti ilə bağlı fikir söyləmək çətindir. Amma iqtisadi cəhətdən bəlli bir nəzəriyyə mövcuddur. Ona görə də dünyada geosiyasi gərginlik artdıqca qızılın qiymətinin artması da müşahidə oluna bilər".