Cari ilin yanvar ayında Azərbaycanda neft kəmərləri ilə 3 269,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 0,43% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 2 486,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,87% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7%-i və ya 2 055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3%-i və ya 430,8 min tonunu (16,2% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.