Cənubi Qafqazda regional kommunikasiyaların bərpası regionlararası və ölkələrarası ticarətin inkişafında mühüm rol oynaya bilər.
Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays APA-nın Gürcüstan bürosuna deyib.
O, Ermənistanın da Orta Dəhlizin bir parçası ola biləcəyini, dəhlizin regional iqtisadi inkişaf naminə bütün ölkələrin bir araya gətirilməsi baxımından real fürsət olacağını qeyd edib:
“Bu cür təbiətə malik dəhlizlər bazarlarla yanaşı, insanları əlaqələndirir, körpüyə çevrilir. Biz bunu yalnız Asiya və Avropa arasında deyil, həm də region daxilində nəzərdə tuturuq. Düşünürəm ki, (Dünya Bankının) araşdırmanın əsas və maraqlı qənaətlərindən biri Orta Dəhlizin təsis edilməsi ilə regiondaxili ticarətin maksimum həddə inkişaf edəcəyidir. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə - bütün bunlar dəhlizin bir parçası ola biləcək oyunçulardır. Biz Orta Dəhlizi regional inkişaf, regionlararası iqtisadi inkişaf naminə bütün regionun bir araya gətirilməsi baxımından real fürsət kimi görürük”.
Roland Prays Azərbaycanın Orta Dəhlizin reallaşdırılması baxımından zəruri ölkə olduğunu, bu istiqamətdə kollektiv fəaliyyətin dəhlizi daha dayanıqlı edəcəyini əlavə edib:
“Bu gün Orta Dəhlizin potensialının üzə çıxarılması ilə bağlı hesabatı təqdim edəcəyik. Bu hesabat Orta Dəhlizin tərkib hissəsi olan üç ölkəyə - Gürcüstan, Azərbaycan və Qazaxıstana fokuslanır. Gürcüstanın Qara dənizə, Avropa istiqamətində çıxışı var, Azərbaycan isə Qazaxıstanla birlikdə Xəzərin sahilində yerləşir. Bu ölkələrin hər biri Asiya ilə Avropa arasındakı quru körpüsü olan Orta Dəhlizin reallaşdırılması baxımından zəruri oyunçulardır. Əgər onlar bu istiqamətdə kollektiv fəaliyyət qərarı versələr, dəhliz uğurlu və dayanıqlı olacaq. Bu baxımdan əlbəttə ki, Azərbaycanın iştirakı zəruridir”.
Regional direktor Dünya Bankının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı ilə hələlik qərar qəbul edilmədiyini vurğulayıb:
“Fakt budur ki, biz Azərbaycanla birgə işləməyə yenidən başlayırıq. Biz orada aktiv olmuşuq. Lakin biz indi yeni sahələr və kəmərlər axtarırıq. Biz o sahələrdə işləyirik ki, bank və hökumət razıdırlar və o sahələrin bizim dəstəyimizə ehtiyacı var. Hazırda biz bankın həmin ərazilərdə iştirakına dair hər hansı bir qərar qəbul etməmişik, lakin bu, Dünya Bankının hökumətə ən yaxşı dəstək göstərə biləcəyi ərazilərlə bağlı açıq müzakirədir. Biz hazırda investisiya kəmərinin, bankın hökumətlə, eləcə də əksinə əməkdaşlığın ediləcəyi dəstək sahələrinin tapılması üçün yeni ölkə tərəfdaşlığı çərçivəsini müəyyənləşdiririk”.