Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.
Qeyd edilib ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır.
Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunmuşdur. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib.
Bəs görəsən, qərarın hansı üstünlükləri olacaq? Dəyişiklik siqaretin qiymətlərinə necə təsir edəcək?
Suallarımızı cavablandıran iqtisadçı, ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, qərarın mənfi və müsbət tərəfləri var:
"Yaxşı yönü ondan ibarətdir ki, yerli xammal istehsalçıları üçün satış bazarı formalaşacaq. Ancaq alıcıları bu maraqlandırmır, onlar üçün məhsulun keyfiyyəti və qiymətin əlverişli olması əhəmiyyətli sayılır. Yəni, bu məhdudlaşma satıcılar üçün əlavə üstünlük yaradır. Bizə tütünçülüklə məşğul olan şəxslərin strukturu da bəlli deyil. Yəni, tək və yaxud bir neçə sahibkar olduğu naməlumdur. Bu qərar rəqabəti pozur, alışda məcburiyyət yaradır. Həmçinin, resurların səmərəliliyinə problemlər törədir. Məsələn, siqaret istehsalçısı tütünü yerli və xarici fermerdən alacağı barədə öncə düşünür və hansı sərfəli gələrsə, onu seçir. Alıcılara görə pis, tütün fermerləri baxımında əlverişli qərardır. Əlavə olaraq yerli tütünün keyfiyyəti uyğun olmazsa, rəqabət apara bilmiyəcək. Çünki siqaret idxalı məhdudlaşdırmır, yerli tütün istehsalçılarını xammal üçün yerli fermerlərdən almağa məcbur edir. Fikrimcə, bunu doğru addım kimi hesab etmək olmaz".