Azərbaycandan tək Türkiyəyə pul köçürmələrin azalmayıb, Rusiyaya da...

2023-cü ildə Azərbaycandan Türkiyəyə 146 milyon 140 min ABŞ dolları pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19 % azdır.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb.
Ötən il Türkiyədən Azərbaycana isə 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur.
İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.
 
İqtisadçı, ekspert Xalid Kərimli  isə  "Sherg.az" a bildirib ki, əslində Azərbaycandan Türkiyəyə  göndərilən vəsaitlərin azalması çoxluq təşkil etmədiyi üçün ciddi səbəblər axtarmağa ehtiyac yoxdur: 

"Ümumiyyətlə, 2022-ci ili qarışıq, Rusiya-Ukrayna müharibəsi fonunda qeyri-standart əməliyyatların çox olduğu dövr kimi dəyərləndirmək olar. Rusiya -Türkiyə ticarət əlaqələrində birbaşa ödənişlər həyata keçirilirdi. Müharibənin riski, sanksiyaların əhatə dairəsi məlum olduqdan sonra isə sakitlik hökm sürdü. Qeyd edim ki,  tək  Azərbaycandan Türkiyədə köçürmələr azalmayıb. Məsələn, Rusiya 2022-ci ildə Azərbaycana 2 milyard 969 milyon dollar pul köçürtmə əməliyyatı etmişdisə, bu rəqəm 2023-cü ildə azalaraq 1 milyard 48 milyon olub. Azərbaycandan da xaricə göndərilən pulların həcmində 17 faiz azalma müşahidə edilir. 2022-ci ildə ölkədən xaricə 665 milyon dollar göndərilibsə, 2023-cü ildə 550 milyon dollar köçürülüb. Yəni, bütün istiqaməmlərdə ödəmələrdə eniş mövcuddur. Hətta, xaricə göndərilən vəsaitdənsə, ölkəyə daxil edilən pulların miqdarında daha çox azalma var".