Avropada ən azı 2050-ci ilədək təbii qaz istehlak olunacaq.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova bildirib.
"Təbii qaz Avropada ən azı 2050-ci ilədək istehlak olunacaq, bu, bizim üçün bir ismarışdır", - Səriyyə Bünyatova qeyd edib.
Onun sözlərinə görə, sənayenin inkişafı planlarını nəzərə alaraq, Azərbaycanda da qaz istehlakının artımı gözlənilir. Səriyyə Bünyatova onu da bildirib ki, qeyd olunanları nəzərə alaraq, hasilat sektorunda işlər daha da sürətləndirilir: “ Hazırda SOCAR tərəfdaşları ilə birlikdə "Abşeron" qaz-kondensat yatağının tam miqyaslı işlənilməsi istiqamətində işlər aparır. Bununla yanaşı, "Azəri-Çıraq-Günəsli" yataqlarında dərin laylardan təbii qazın hasilatın başlanılması gözlənilir. Hasilatı "Ümid", "Babək", "Qarabağ" yataqları hesabına da artırmaq mümkün olacaq. Məqsəd növbəti illərdə hasilatı artırmaq və ixracı gücləndirməkdir”.
Səriyyə Bünyatova əlavə edib ki, son zamanlar xarici investorların Azərbaycanın neft-qaz sektoruna marağı artır. Buna misal olaraq, ADNOC (BƏƏ) şirkətinin "Abşeron" layihəsində 30% payın almasıdır.