Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.
"Hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər", - deyə məlumatda qeyd olunub.
Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir", - deyə o qeyd edib.
Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, bazarda “halal hotel” standartına tələbat var:
“Azərbaycana gələn turist seqmentinin bir hissəsi müsəlman ölkələridir. Onların da rahat qala biləcəkləri və tələbatlarına uyğun yerlərin olmasına ehtiyac var. Bu həm də turizm məhsullarının çeşidlənməsi deməkdir. Düşünürəm ki, bu cür çeşidlənmə müştərilərin tələbatının ödənilməsinə görədir. Hazırda Bakı şəhərində və regionlarda bir neçə otel özlərini bu cür mövqeləndirərək təqdim edirlər. Burada riayət olunması gərəkən müəyyən kriteriya və standartlar var. Bu addımlar turizm məhsullarının çeşidləndirilməsinə xidmət edir. Ölkəmizdə turizm məhsullarının çeşidliyi artırılarsa, turistlərin tələbatlarının ödənməsində müsbət rol oynayar. “Halal hotel”lərdə spirtli içkilər verilmir, namaz qılmaq üçün yer, qibləni göstərən işarə və otaqlara müqəddəs kitab qoyulur. Eyni zamanda qidalanmada da halallığa xüsusi diqqət ayrılır. Menyuda olan bütün nemətlərin hər biri halal konsepsiyasına uyğun olur. Hazırda bele sertifikat yoxdur. Sahibkarın özündən asılı olaraq halallıq kriteriyalarına əməl edilir. Bir çox otellər nikahı olmayan şəxsləridə saatlıq qəbul edirlər. Bu cür hadisələrin baş verməsinə yol verilmir. Gələn müştərilərin də gözləntiləri də məhz bu istiqamətdədir. Qonşu ölkələrdə də “halal hotel”lər var. Bunların da qiyməti digər otellərdən geri qalmır. Əksinə resort otellərdə, istirahət mərkəzlərində kişi və qadınlar üçün əyləncə mərkəzləri, çimərliklər ayrı olur. Tək müsəlman ölkələrindən gələnlər deyil, digər insanlar da bu otellərdən istifadə edə bilərlər”.