"Əsas səbəb şəraitsizliklə bağlıdır"
Abituriyentlər ali təhsil müəssisələrinə qəbul zamanı bölgələrə nisbətən Bakıya üstünlük verirlər.
Hətta bölgələrdə dövlət universitetləri yerləşsə də, regionlardakı abituriyentlər Bakıdakı özəl universitetlərdə oxumağa can atır. Əhali arasında belə fikir formalaşıb ki, region universitetləri zamanla ayaqlaşa bilmir, paytaxtdakı ali təhsil ocaqlarından keyfiyyət baxımından geri qalır.
Sosioloq- jurnalist Lalə Mehralı sosial media hesabında bu mövzuya diqqət çəkib: "Universitet mütləq Bakıda oxunmalıdır" fikrini kökündən dəyişmək lazımdır. İşə bölgələrdəki universitetlərin sayını və keyfiyyətini artırmaqla başlamaq olar. Bu həm ailələrin büdcəsinə faydalıdır, həm də Bakının yükünün azaldılmasına. Bölgədə həm yol xərci minimum çıxır, həm ev kirayəsi. Tovuzda oldum keçən həftə, sertifikasiyadan yüksək balla keçən tanış müəllimlərlə söhbətləşdim, çoxu Zaqatala, Şəki, Mingəçevir, Quba, Lənkəran universitetlərinin məzunları idi. Deməli oxuyan hər yerdə oxuyur.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında bildirib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər regionlardakı ali məktəbləri seçmir. Bu isə ilk növbədə regionlardakı universitetlərin maddi-texniki bazasının zəifliyi, eyni zamanda kadr potensialının standartlara uyğun olmaması ilə bağlıdır:
“Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı 51-dir, onlardan da 41-i Bakının payına düşür. Qalan 10 ali məktəb regionlarda yerləşir.
Ali təhsil müəssisələrinin dislokasiyası üzrə aparılan təhlillərin nəticəsi olaraq bildirim ki, regionlardakı ali məktəblərin sayı azdır. Ali təhsil müəssisələrinin çox az hissəsi - 5, yaxud 6-sı regionlardadır. Texnologiya Universiteti, Aqrar Universitet, Mingəçevir, Lənkəran Dövlət Universiteti kimi təhsil müəssisələrini nəzərdə tuturam. Nəzərə almalıyıq ki, müstəqil universitetlər azdır, ali təhsil müəssisələrinin əksəriyyəti filiallardır. Məsələn, Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetin, İqtisad Universitetinin Şəkidə, Qazaxda, Qubada, Cəlilabadda, Zaqatalada, Ağcabədidə filialları var.
Qəbul imtahanlarından sonra reytinq cədvəli hazırlayarkən abituriyentlərin ərizəsində birinci mövqedə hansı ali məktəbin ixtisasını göstərməsi, 400-dən çox bal toplayan abituriyentin həmin ali məktəbi seçməsi, ali təhsil müəssisəsinin müsabiqədə dövlət sifarişli yerlərin tutma faizi kimi kriteriyaları nəzərə almağa çalışdım".
K.Əsədov bildirib ki, birinci səbəb şəraitsizliklə bağlıdır:
“Regionlar üzrə ən yaxşı sosial infrastruktur Gəncədə olsa da, bu məsələdə Bakıya uduzur. Söhbət internetlə işləmək imkanları ilə təmin olunmaqdan tutmuş fasiləsiz elektrik, istilik təminatı, təhsil alma, kitab oxumaq mühitindən gedir.
Türkiyə yüksək inkişaf etmiş ölkə deyil, amma İstanbul və Ankarada yerləşən ali məktəblər arasında bu sayaq kəskin disbalans ola bilməz. Baxmayaraq ki, Ankara paytaxtdır, amma İstanbulda təhsil mühiti daha yüksəkdir. Eyni qaydada Türkiyənin bir neçə şəhərinin adını çəkmək olar.
Avropanın şəhərlərində də analoji vəziyyəti görmək olar. Məsələn, Niderlandda Amsterdamla Rotterdam şəhərlərindəki ali məktəblərdə heç bir fərq yoxdur. Rusiyada da vəziyyət pis deyil. Sibirdə ali təhsil müəssisələri o səviyyədə inkişaf edib ki, Moskvada, yaxud Kemerovoda oxumağın elə bir fərqi yoxdur. Azərbaycanda isə gələcəyin kadrı hesab edir ki, Bakıda yetişməsinə daha yaxşı mühit var, nəinki Şəkidə, Gəncədə, Ağcabədidə, Qubada, Cəlilabadda”.
Təhsil eksperti bildirib ki, bu səbəbin özü də başqa bir səbəb doğurur:
“Yüksək təhsil verən professor, müəllim heyəti regionlardakı ali məktəblərə getmir və elə buna görə də orada keyfiyyətli təhsil bazası yaranmır”.