Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:
“Eq” – Elektrik qatarı;
“Dz” – Dizel qatarı;
“E” – Elektrovoz;
“T” – Teplovoz;
“Lm” – Lokomobil;
“M/Dr/Mk” – Motovoz/Drezin/Maşın kompleksi.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, Azərbaycanda sovet dövründə dəmiryolu kifayət qədər inkişaf etmişdi:
“Sovetlər birliyi dağıldıqdan sonra əsas magistrallar qalsa da, digər istiqamətlərdə inkişafı görmədik. Bəzi yerlərdə elektrikli qatar var idi və dəmiryolu xəttləri yaxşı vəziyyətdə idi. Osmanlı-Astara, Osmanlı-Horadiz və Balakən istiqamətində gedən qatarlar zaman keçdikcə daha da bərbad vəziyyətə düşdü. Son dövrlər bunların yenidənqurulması istiqamətinə start verilib. İşğaldan azad edilmiş ərazilərdə dəmiryolu Ağdamdan Xankəndiyə, Horadizdən Ağbəndə və oradanda Naxçıvana gedəcək. Dəmiryolu sahəsində böyük işlər həyata keçirilir. Elektrikli olmayan xəttlərində müasir standartlara çatdırılması prosesi gedir. Həmçinin yollar təkmilləşdirilərək sürətli qatarların hərəkət edəcəyi normalara gətirilməsi istiqamətində addımlar atılır. Dəmiryolu faydalı nəqliyyat sistemidir. Yəni ekoloji, yükdaşıma və təhlükəsiz sərnişin daşıma cəhətdən daha faydalıdır. Turizm cəhətdən də müsbət addımdır. Məsələn Qəbələyə çəkilən dəmiryolunu misal göstərə bilərik. Xankəndiyə qədər çəkiləcək dəmiryolu sistemi Ağdama qədər hazırdır və digər istiqamətlərdə işlər aparılır. Eyni zamanda Rusiyadan və Baltik dənizindən İran körfəzinə qədər hissə yekunlaşmaq üzrədir. Ölkəmiz də bu işlərdə fəal iştirak edir. İran da öz ərazisinə düşən hissələrdə işləri böyük sürətdə həyata keçirir. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb istiqamətində yəni Çindən Londona qədər olan dəmiryolunun Zəngəzur dəhlizindən keçməklə həlli prioritet məsələdir. Dəmiryolunun prespektivi Azərbaycanda çox yüksəkdir. Elektromobil şəhərdaxili işləri görmək, turistik gəzinti üçün isə dəmiryolu məqsədəuyğundur”.